Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb. Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak etmişdir. Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili, nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənovdur.
Sabahinfo.az xəbər verir ki, 10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunmuşdur. Dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlı Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə etmişdir. Azərbaycan nümayəndə heyətinin həm iki tərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilmişdir.
Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir.