İki il öncə 27 sentyabrda Azərbaycan dövlət ərazisinin bərpası üçün müqəddəs Vətən müharibəsinə başladı. Ölkəmiz hər zaman münaqişənin sülh yolu ilə həlli istəyini bildirsə də, dünya birliyi beynəlxalq hüququ reallaşdırmaq üçün təcavüzkar Ermənistana lazımi təzyiq göstərmir, əksinə, onun himayədarı rolunda çıxış edirdi. BMT qətnamələrini və Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü Azərbaycan Ordusu 44 günlük Zəfər savaşı ilə gerçəkləşdirdi.
Bu gün Azərbaycan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparmaqla yanaşı, regional layihələrin icrası, bölgədə daimi sabitliyin yaranması üçün məlum 10 noyabr Bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri də ardıcıl şəkildə yerinə yetirir. Təəssüflər olsun ki, ötən iki il ərzində Ermənistan rəhbərliyi nəinki imzasına hörmət göstərməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, hətta bölgədə ən ağır hərbi təxribatları törətməklə gərginlik yaratmaqda davam edib. Ötən müddət ərzində Ermənistan hərbi-siyasi rejiminin addımları onların sülh prosesindən uzaq olduqlarını açıq-aşkar göstərib. Buna rəğmən Azərbaycan tərəfi yenə özünün humanizm prinsiplərinə sadiq qalaraq Qarabağda məskunlaşmış mülki ermənilər üçün dəhlizi açıq saxlayıb, sülhə yönələn bütün təkliflərə səmimi və dürüst olduğunu əməli ilə nümayiş etdirib.
Vətən müharibəsindən indiyədək rəsmi Bakının sülhpərvər siyasəti İrəvanda lazımınca dəyərləndirilməyərək, avantürüst bəyanatlar səsləndirilib, hərbi təxribatlar intensivləşdirilib.
Son günlər Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində erməni hərbçilərin özbaşınalığı, xüsusilə sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın “düşmən sülhə gəlməzsə, “dəmir yumruq” yerindədir” xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu.
Öz ərazisinə mümkün hərbi təhlükəni önləmək, aparılan quruculuq işlərində iştirak edən mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu dövlət sərhədimizdəki təxribatların layiqli cavabını verdi.
Bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı heç şübhəsiz ki, sülh prosesindən yayınan və hərbi-siyasi təxribatların arxasında duran Ermənistan hakimiyyətidir. Eyni zamanda, ötən iki il ərzində ermənilərin sülhdən yayınmaq üçün hər cür pozuculuq fəaliyyətinə göz yuman beynəlxalq ictimaiyyət də mövcud situasiyada məsuliyyət daşıyır.
Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ermənistan ötən əsrin 90-cı illərinin eyforiyasındadır, amma unudurlar ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bölgənin lideridir. Lider dövlət olaraq ölkəmiz BMT qətnamələrinin icrası üçün düşməni sülhə də məcbur etmək gücündədir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dərk olunmalıdır.
Artıq ikili standartlar və antiAzərbaycan mövqeyi Ermənistanı xilas edə bilməz. Ermənilər üçün ən yaxşı çıxış yolu bütün hərbi-siyasi təxribatlara son qoyaraq Azərbaycanla sülhə gəlməkdir. Azərbaycan Prezidenti dövlətimizin sülh mesajlarını və bunu qəbul etməyənlərə cavab gücünü açıq ifadə edib. Qarşı tərəf üçün seçim hələ də gec deyil.
Rəşad Mahmudov
Tibb elmləri doktoru
YAP İdarə Heyətinin üzvü