“Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bu gün də davam edir”.
Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Ombudsman Aparatı bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib:
“Beynəlxalq qurumlardan tələb edirəm ki, Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya versin. Onların bu gün də davam edən işğalçı siyasətinə son qoyulmalıdır. Ermənistanın təxribatının qarşısının alınması nəticəsində 50 övladımız şəhid olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”.
S.Əliyeva vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bu günə qədər 242 nəfər mina qurbanı olub:
“Bu gün də Ermənistan bizim işğaldan etdiyimiz torpaqlara diversiya qrupları göndərir, torpaqlarımızı minalamağa cəhd edir. Müzəffər və qalib ordumuz bu cəhdin qarşısını alıb. Düşmən tərəfi yenə də bu cür təxribatlara əl atarsa, onların qarşısı qətiyyətlə alınacaq. Regionda sülhə və təhlükəsizliyə təhdid törədən Ermənistanın qarşısına öhdəlik qoyulmalıdır”. /Report