Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Bunun ardından, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.
Bəs görəsən Ermənistanı sülhlə bağlı danışıqların getdiyi bir zamanda belə təxribat törətməyə vadar edən nədir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev 1news.az-ın suallarını cavablayıb.
- Son zamanlar Ermənistan silahlı qüvvələrinin təxribatlar törətdiyini müşahidə edirik. Onların uzun müddət sonra belə təxribatlar törətməsi nə ilə əlaqədardır?
- Ermənistan cəmiyyətində hazırda ciddi daxili qarşıdırma var. Bu vəziyyət mövcud hökümətin Ermənistanın post- müharibə siyasəti ilə bağlıdır. Paşinyan hökümətinin həyata keçirmək istədiyi islahatlar cəhdi heç də bütün siyasi qüvvələr tərəfindən birmənalı qarşılanmır. Paşinyanın daxili və xarici siyasətlə bağlı bəzi təşəbbüsləri radikal müxalif qüvvələrə sabitliyi pozmağa bəhanə yaradır. Digər tərəfdən Cənubi Qafqazla bağlı siyasi maraqları olan xarici dövlətlər də davamlı olaraq Ermənistandakı vəziyyətə kobud müdaxilələr edir və bir sıra hallarda Ermənistan hökümətini sülh prosesindən yayındırmağa çalışırlar. Bu onların ilk növbədə zəif Ermənistanı və dolayısı ilə həm də Azərbaycanı və bütövlükdə bölgəni özlərindən asılı vəziyyətə salmaq məqsədi daşıyır. Göründüyü kimi, sabitliyin pozulmasında maraqlı qüvvələr çoxdur. Ona görə də sərhəd insidentinin daxili və ya xarici amillərlə bağlı olduğunu birmənalı söyəmək çətindir. Amma reallıq budur ki, bu insident nəticəsində Azərbaycan və Ermənistan arasında münasibətlər yenidən gərginləşdi və növbəti dəfə qarşılıqlı etimad yaradılması prosesinə zərbə vuruldu.
- Ermənistanın Zəngilan istiqamətində törətdiyi təxribatın üzərindən çox vaxt keçməmiş Azərbaycan Ordusu tərəfindən cavab olaraq qisas əməliyyatı həyata keçirildi və 4 erməni hərbçisi məhv edildi.. Ermənistan bu qisas əməliyyatından hansı nəticəni çıxarmalıdır?
- Azərbaycan Ordusu real təhlükə şəraitində adekvat tədbirlər görür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Ermənistan tərəfdən ölkəmizə qarşı hər hansı təhlükə hiss etdikdə həmin təhlükə mənbəyini dərhal dəf edəcəyik. Baş vermiş insident şərti sərhəddə yerləşən məhz həmin postda baş verdiyindən ordumuz bu postu məhv etmək qərarına gəlib. Bu ondan əvvəl baş vermiş hadisəyə adekvat və qanunauyğun cavab tədbiridir. Ermənistan Ordusu belə təxribatlardan əl çəkməlidir.
- Normalda Avropa İttifaqı missiyası məsələyə reaksiya verməli, baş vermiş təxribatı qınamalıydı. Ancaq bunu etmədi. Onlar nəyə görə bu təxribarı araşdırmağa çalışmadılar?
- Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi əslində Ermənistanın yox, Fransanın maraqlarına uyğun bir hadisədir. Azərbaycan sərhədçilərinə atəş açılanda Ermənistan höküməti insidentin araşdırılacağını bəyan etsə də bilavasitə sərhəd bölgəsində yerləşən Aİ missiyası heç bir reaksiya göstərmədi. Az müddət öncə Çex Respublikası vətəndaşının da məhz Aİ missiyasının nəzarətində olan sərhədimizi pozaraq qeyri-qanuni yolla ərazimizə daxıl olması suallar yaradır. Aİ missiyasının bu kimi hadisələrə səssiz qalması onların Ermənistan ərazisində apardıqları o qədər də şəffaf olmayan fəaliyyəti ilə bağlı şübhələr yaradır. Lakin bu missiyanın o ərazidə yerləşməsinə razılığı Ermənistan dövləti verib. Ona görə də onun qeyri-şəffaf və anlaşılmaz fəaliyyəti ilə , eləcə də gələcəkdə bu fəaliyyətin mümkün mənfi nəticələri ilə bağlı məsuliyyət də məhz Ermənistan hökümətinin üzərinə düşür.