"Bizə daxil olan bir neçə vətəndaş müraciətində qeyd olunur ki, 20 il əvvəl torpaq şöbələri tərəfindən aldıqları yaşayış evlərinin sənədlərini aidiyyəti qurumlar indi saxta sənəd kimi qəbul edir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, həmin insanlar vaxtı ilə banklara ödəmələr edib, həmin torpaqda evlər tikiblər, 20 ilə yaxındır həmin evlərdə yaşayırlar:
“Övladlarını belə həmin evdən əsgərliyə yola salıblar. Lakin 2020-ci ildən sonra elektron xəritələşmə işləri aparıldıqdan sonra həmin ərazilərin bələdiyyə mülkiyyətinə aid olmadığı ortaya çıxdı. İndi insanlar əllərində 20 il əvvəl bələdiyyənin sənədi, banka ödəniş, müvafiq dövlət qurumlarının icazələri ilə evlərinə çıxarış almağa gedirlər, cavab verilir ki, həmin sənədlər saxtadır. Belə məsələlərin həlli də diqqət mərkəzində olmalıdır” – deputat qeyd edib.