“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Müxtəlif beynəlxalq platformalarda uğurla təmsil olunan dövlətimiz dünyada baş verən proseslərə öz münasibətini bildirir, sülh əməkdaşlıq və təhlükəsizlik naminə fəal təşəbbüslərlə çıxış edir. Belə mühüm beynəlxalq platformalardan biri də Qoşulmama Hərəkatıdır. Hazırda bu təşkilata sədrlik edən Azərbaycan öz siyasəti ilə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda, Azərbaycan təşkilatın bir sıra toplantılarına evsahibliyi edib. Bu baxımdan, iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilməsi və görüş çərçivəsində aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb. Bu xüsusda QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə yüksək səviyyəli Təmas Qrupunun təsis edilməsini, 4 may 2020-ci ildə onun virtual formatda Sammit səviyyəli görüşünün keçirilməsini, QH-nin sədri qismində ölkə başçısı İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsini qeyd etmək olar. Həmçinin ölkə başçısının təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı dediyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: “2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib. Sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb, Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev tədbirdəki çıxışında Fransanın neokolonializmi hələ də davam etdirməsindən ətraflı bəhs edib. Dövlətimizin başçısı vurğulayıb: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir... Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”. Digər bir məqam ondan ibarətdir ki, özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Amma onun bu cəhdləri heç bir nəticə verməyəcək. Bakıda keçirilən toplantı çərçivəsində Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılması da çox uğurlu bir gediş oldu. Bu, o deməkdir ki, Azərbaycan Afrika xalqlarının Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizəsinə fəal dəstək verir.
“Cənab Prezident çıxışında 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar haqqında da fikirlərini ətraflı şəkildə ifadə etdi. Münaqişə başa çatdıqdan sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Dövlət başçısının dediyi kimi, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir. Digər məsələ isə odur ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar Ermənistanın qeyri-konstruktiv mövqeyinin göstəriciləridir. Azərbaycan müxtəlif beynəlxalq platformalardan çıxış edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Qoşulmama Hərəkatı da buna nümunədir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.