FHN işçilərinin həmkarlar ittifaqı Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı işğaldan azad olunmuş ərazilərdə - Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd və Qubadlı rayonlarında və Suqovuşan ərazisində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin erməni terroru nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq Qələbə münasibətilə hərbi qulluqçuları təbrik edib, bu Zəfərin əldə olunması yolunda dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasətdən danışıb. M.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 27-si - bu şərəfli gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq Anım Günü kimi təsis edilib.

M.İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf stategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin ildən-ilə gücləndiyini, dövlətimizin iqtisadi və hərbi qüdrətinin durmadan yüksəldiyini, beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Qeyd edib ki, bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidentinin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində azad edildiyini xatırladan natiq Azərbaycanın qəhrəman əsgər və zabitlərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın yeni qəhrəmanlıq salnaməsini yaratdığını qeyd edib.

Vətən müharibəsi dövründə FHN-in əməkdaşlarının fəaliyyətindən bəhs edən M.İsmayılov vurğulayıb ki, nazirliyin strukturları Prezident, Müzəffər Ali Baş Komandanın əmrini şərəflə icra etməklə Qələbənin qazanılmasına töhfələrini verərək, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. O, işğaldan azad olunmuş ərazilərdə mümkün yanğınların qarşısının alınmasında həmin ərazilərdə xidmət edən əməkdaşların şərəfli və məsul vəzifə daşıdıqlarını qeyd edərək, göstərdikləri fədakarlıqlara görə onlara təşəkkürünü bildirib.

Görüşlərdə hər bir hissəyə FHN işçilərinin həmkarlar ittifaqının hədiyyə və sovqatları təqdim edilib.