Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu təyyarə ilə Vətənə qayıdır.
Sabahinfo.az xəbər verir ki, azərbaycanlı xilasediciləri gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 1-ci qrupu ölkəyə qayıdıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.