Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
Şəhid ailələri,
müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təminatı
məsələsi daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe
bu gün də davam etməkdədir. Prezident İlham Əliyevin şəxsi tapşırıqları və
ciddi nəzarəti nəticəsində bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat
sistemi ilə əhatə olunublar. Hazırda həmin vətəndaşların rifahının
yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar da həyata keçirilir.
Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya,
müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək
olar. Məlum olduğu kimi hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat
sığorta ödənişi verilir. Həmçinin, müharibə əlillərinə sığorta ödənişi
kimi I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə
6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.
Fondun vəsaitləri şəhid
ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak
kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji
dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin
yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək: "Fondun fəaliyyətində
şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin
formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin
daxil olduğu Himayəçilik Şurası yaradılıb. Ən əsası
odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan
soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti
şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu
kateqoriyadan olan bütün insanlara şamil ediləcək".
Azərbaycan
Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm
prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da
yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir.
ƏMİNƏ AĞAZADƏ
MİLLİ MƏCLİSİN DEPUTATI