"Yaxın günlərdə yeni mənzilimə köçəcəyəm. Təmir işləri sürətlə gedir. Ev tamamilə istəklərimə uyğundur. Buna görə ölkə rəhbərinə təşəkkür edirəm. Bilirdim ki, nə vaxtsa sənətimi, zəhmətimi Prezident qiymətləndirəcək”.
Sabahinfo.az xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Bilal Əliyev Prezident İlham Əliyevin ona hədiyyə etdiyi mənzildən danışarkən deyib. Müğənni bildirib ki, yeni mənzili daha geniş və rahatdır.
"Cənab Prezident 60 illik yubileyim münasibəti ilə və ev şəraitimin yaxşı olmadığını nəzərə alaraq, mənə Nəsimi rayonunda 140 kvadratmetrlik 3 otaqlı mənzil hədiyyə edib. Sözün açığı, ev üçün müraciət etməmişəm".
B.Əliyev yeni mənzilə sahib olması ilə bağlı heç kimə qonaqlıq verməyəcəyini söyləyib: "Mən ömür boyu kasıb yaşamışam. Xalqımın arasında olmuşam. Elə çox pulum yoxdur ki, gedib məclis quram, insanları bir yerə yığam. Kimsə evimə gəlib mənə hədiyyə versə, ona borclu qalaram. Ən yaxşısı palaza bürünüb, elnən sürünəsən. Xalqımın kasıb oğluyam. Heç vaxt pul dalınca qaçmamışam, mənim üçün sənət her şeydən üstün olub”.
Qeyd edək ki, Xalq artisti Bilal Əliyev bir müddət əvvəl toy məclislərinə 1 milyon manata getdiyini bildirmişdi. Onun bu açıqlaması birmənalı qarşılanmamışdı.