Böyük qələbədən sonra bizi böyük gələcək gözləyir

Azərbaycanın icazəsi olmadan kimliyindən, hansı statusu daşımasından asılı olmayaraq, heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Bununla bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirlən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı öz prinsipial mövqeyini hər kəsin diqqətinə çatdırdı.

Bu sözləri "Modern.az” saytına açıqlamasaında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun qələbəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilib: "İşğalçı ölkə acınacaqlı məğlubiyyətini etiraf edərək, kapitulyasıya aktına bərabər olan sənədi imzalayıb və bununla da 30 ilə yaxın bir müddət ərzində, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı nəticəsində yaranmış münaqişəyə son qoyulub. Ölkəmizin qələbəsi yeni və Ermənistanın özü tərəfindən də rəsmi şəkildə qəbul edilmiş reallıqlar yaradıb. Hər kəs beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını, Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının bərpa edilməsini ehtiva edən bu reallığa hörmətlə yanaşmalı, işğalın, qanunsuzluğun, özbaşınalığın, dərəbəyliyin başa çatması ilə bağlı reallığı qəbul etməlidir. Əks təqdirdə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dəmir yumruq yerindədir”.

Azər Kərimli deyib ki, Ermənistanın xarici işlər nazirinin və digər şəxslərin Azərbaycan ərazilərinə qanunsuz səfərləri təxribat xarakterli addımlardır və bu, münasibətlərin normallaşmasına ciddi maneə yaradır: "Ermənistan müharibəni yaddan çıxarmasın. Çünki Azərbaycanın böyük qələbəsi ilə başa çatan müharibənin verdiyi dərsdən çıxarılan düzgün nəticə, həm də Ermənistanın bir dövlət kimi xilası deməkdir. Əks təqdirdə Ermənistan indikindən dəfələrlə çox peşman olacaq. Azərbaycanın mövqeyi ortalıqdadır və bu qətiyyətli mövqe Prezident İlham Əliyevin nitqində də ifadə olundu: "Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən?”

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti öz nitqində olduqca mühüm bir məqama da diqqət çəkib:

"Dövlətimizin başçısı işğal və müharibə nəticəsində ölkəmizə dəymiş ziyanla yanaşı itirilmiş gəlirlərin hesablanmasının vacibliyini də vurğuladı. Bu yeni və müasir iqtisadi, hüquqi münasibətlər sistemindən qaynaqlanan bir yanaşmadır. Təsəvvür edin, əgər Azərbaycan əraziləri işğal alrında olmasaydı, ölkəmiz bu ərazilərdən nə qədər böyük gəlirlər əldə edə bilərdi. Mən hələ işğal nəticəsində öz evindən didərgin salınmış vətəndaşlarımızın fərdi təsərrüfatlarından əldə edə biləcəyi gəlirlərdən söz açmıram. İşğal olmasaydı, özəl sektorun inkişafı nəticəsində bu ərazilərdə nə qədər turizm obyektləri, kənd təsərrüfatı, sənaye və emal müəssisləri yaradılacaqdı, yeni iş yerləri açıqlacaqdı, sahibkarlar, vətəndaşlarımız buradan nə qədər böyük vəsitlər qazanacaqdılar. Amma onlar işğal nəticəsində bu imkanlardan məhrum ediliblər. Ərazilərimizin işğal altında olduğu müddətdə, oradakı təbii sərvətlərimiz qanunsuz şəkildə və vəhşicəsinə istismar edilib, talan olunub və bütün bunlara görə Ermənistan cavab verməlidir”.

Millət vəkili Prezident İlham Əliyevin sədrliyi ilə keçirlən müşavirədə, dövlət başçısının nitqində yer alan fikirlərin dövlət qurumları ilə yanaşı hər bir Azərbaycan vətəndaşının qarşısında mühüm vəzifələr qoyduğunu bildirib: "Azərbaycan özünün ən böyük problemini həll etdi və indi hər birimizin həyatında yeni bir mərhələ başlayır. Bu mərhələdə hər birimiz fəal olmalı, təşəbbüskarlıq nümayiş etdirməliyik. Böyük qələbədən sonra bizi böyük gələcək gözləyir”.