Deputat: “Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmazdır”

Cənab Prezident İlham Əliyevin Yunanıstan səfirinə verdiyi diplomatiya dərsi ilə beynəlxalq aləmə milli maraqların hər şeydən üstün tutduğunu, həmçinin Türkiyəyə qarşı yönəlik bütün məsələlərdə onun yanında olmacağı mesajını vermiş oldu.

Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan lideri beynəlxalq aləmə mesaj ünvanladı ki, milli maraqlar hər şeydən üstündür və bu məsələdə hər hansı güzəştdən söhbət gedə bilməz. "Azərbaycan istənilən ölkə ilə münasibətlərin qurulmasında maraqlıdır, ancaq bu əlaqələr beynəlxalq hüququn prinsiplərinə uyğun formada bərabərhüquqlu şəkildə olmalıdır. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanla qeyri-adekvat münasibətlərini yeni səfiri ilə görüşündə açıq mətnlə Afinaya çatdırdı. Bu təkcə Yunanıstana deyil, eyni zamanda digər ölkələrə də ciddi bir mesaj idi.

Birincisi, enerji məsələsində Azərbaycanın Yunanıstana dəstəyini və bu dəstək qarşılığında Afinanın qeyri-adekvat davranışını səfirə çatdırdı. Söhbət Yunanıstan hökumətinin müraciəti əsasında SOCAR-ın bu ölkənin qaz şirkəti olan "DESFA”-nın səhmlərini alması, ardınca Afinanın tenderin nəticələrini ləğv etməsi və bu məsələdə rəsmi Bakının 4 il müddətində gözlədilməsindən gedir. övlət başçısı bu qeyri-dipolomatik davranışı yeni səfirin diqqətinə çatdırmaqla Yunanıstanın yeni hökumətinə əvvəlki hökumətin səhvlərini təkrarlamaması üçün açıq mətnlə mesaj verdi.

İkincisi, Prezident İlham Əliyev Yunanıstanın və Cənubi Kiprin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərbi əməkdaşlığından narahatlığını dilə gətirdi və burada bir neçə məqamı önə çəkdi. Prezident açıq tekstlə Yunaıstan, Cənubi Kipr və Ermənistanın üçtərəfli formatda əməkdaşlığının Azərbaycanın ciddi narahat olduğunu bəyan etdi. Bu isə o deməkdir ki, Azərbaycan Yunanıstan və Cənubi Kiprin işğalçı Ermənistanla üçtərəfli formatda əməkdaşlığını qəbul etməyəcək.

Prezident eyni zamanda Yunanıstanında üzv olduğu BMT, Avropa İttifaqı, ATƏT və digər bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini Afinaın diqqətinə çatdırdı. Ölkə başçısı bəyan etdi ki, bu məsələ iki il öncə Avropa İttifaqı və Azərbaycan arasında paralanan "Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də öz əksini tapıb. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklənir. Bununla da cənab Prezident Afinanın üzv olduğu beynəlxalq təşkilatların da Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini tanıdığını növbəti dəfə xatırlatdı.

Burada diqqət çəkən növbəti məqam isə Yunanıstanın yeni səfirinə Rusiyanın Tovuz döyüşlərindən sonra Ermənistana silah daşımasını nümunə çəkərək, "Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir” deməklə həm Afinaya belə məsələdə prinsipial mövqeyimizi çatdırdı, həm də Moskvaya hələ də işğalçı ölkəyə silah daşıdıqlarından xəbərdar olduğumuzun mesajnı verdi.

Yunanıstan və Ermənistanın hərbi rəhbərliyi arasında 2020-ci ili əhatə edən ikitərəfli əməkdaşlıq proqramı imzalanıb. Bu proqram hərbi-tibbi və taktiki hazırlıq üzrə təlimlər, kibertəhlükəsizlik, mühəndislik, həmçinin, informasiya sahəsində təcrübə mübadiləsi də daxil olmaqla 21 istiqaməti birləşdirir.
Bununla yanaşı, 2020-ci ili əhadə edən eyni proqram Yunanıstan, Cənubi Kipr və Ermənistan arasında üçtərəfli formatda qəbul olunub. Yunanıstan-Ermənistan əməkdaşlığı Türkiyə və Azərbaycana qarşı yönəlib”- deputat qeyd edib.

Prezident İlham Əliyev yunan diplomata Afina-Ankara arasında, xüsusən də Şərqi Aralıq dənizi məsələsində yaranmış qarşıdurmasında Bakının rəsmi mövqeyini açıq şəkildə açıqladı: "Bu mesaj təkcə Yunanıstana deyil, eyni zamanda Azərbaycanın Türkiyə ilə bağlı siyasətinin beynəlxalq aləmə açıq şəkildə çatdırılması idi.

"Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”, - Prezident Azərbaycanın mövqeyini bəyan etdi.

Məhz ona görə də Azərbaycan Prezidentinin bu bəyanatı dünya mediasında ciddi rezonansa səbəb oldu. Bununla da Azərbaycan Prezidenti bəyan etmiş oldu ki, ən çətin anlarda Bakı Ankaranın yanında olacaq. Sübut etdi ki, biz xoş günün yox, həmçinin ən çətin günün dostu və qardaşıyıq. Ən çətin anlarda bir yerdə olmağı, bir-birinə arxa durmağı bacaranlarıq. Odur ki, cənab İlham Əliyevin bu bəyanatını iki qardaş ölkə arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin bariz nümunısi kimi dəyərlənədirmək lazımdır. Prezident İlham Əliyev bununla "bir millət iki dövlət” və " Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir” şüarına sadiq qaldığını ortaya qoydu. Artıq Azərbaycanla Türkiyə arasında əlaqələrə elə səviyyədə qurulub ki, bunu bir bədənə bənzətmək olar. Bədən üzvlərini bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkün olduğu kimi Azərbaycan-Türkiyə münasibətlərini də ba.qa cür təsəvvür etmək mümkün deyil. Son illərin tarixi dərsləri bunu sübut edib.

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammiti yada salır. Həmin sammitdə Azərbaycan lideri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: "Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Biz bunun 2016-cı il 16 ilyul Türkiyədəki dövlət çevrilişinə cəhdləri zamanı da şahidi olduq. Türkiyəyə ilk dəstək verən Azərbaycan oldu və Prezident İlham Əliyev həmin çətin günlərdə qardaş ölkəyə səfər edərək həmrəylik mövqeyini nümayiş etdirdi. Bu dəstək qarşılıqlı formada olub və davam etməkdədir.
Ermənistan ordusunun 2020-ci ilin iyulun 12-də Tovuz istiqamətində törətdiyi təxribatlar zamanı da Türkiyə Azərbaycana tam dəstək nümayiş etdirdi. Bunun ardınca iki qardaş ölkənin birgə hərbi təlimləri keçirildi. Bu hərbi təlimlər Ankaranın Azərbaycanda baş verən proseslərə biganə qalmadığını və lazım gəldiyi zamanda əməli formada Ermənistan və ona dəstək verən ölkələrə açıq yardım edəcəyi mesajını verdi. Əminəm ki, iki qardaş ölkə arasındakı münasibətlərə daha da dərinləşəcək və inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin bu bəyanatı iki qardaş ölkə arasındakı münasibətlərin daha səmimi formada sıx inkişaf edəcəyini və dərinləşəcəyindən xəbər verir. Bu mesaj ondan ibarət idi ki, tək deyilik. Biz birlikdə güclüyük. Hesab edirəm ki, digər türkdilli ölkələr də bu münasibətlərdən nəticə çıxarıb Türk dünyasının daha sıx birləşməsinə əlavə stimul yaratmış olacaq”.