"Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq”.
Bunu Milli Məclisin deputatı Elnur
Allahverdiyev deyib. Onun sözlərinə görə, Azərbaycan bu qələbəyə doğru uzun yol
qət etdi: "Bu yol tək hərbi potensial və iqtisadi qüdrətimizi artırmaqdan ibarət
deyildi. Bu yol həm də həqiqətlərimizi, erməni vəhşiliyi,
torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı və qəddarlığı bəşəriyyətə
çatdırmaq üçün bir sınaq idi ki, ondan da şərəflə çıxdıq. Dövlətimizin rəsmi təbliğatı
ilə yanaşı, KİV-lər, sosial şəbəkələrdəki aktiv vətəndaşlar qələbə yolunda öz
tövhələrini verdilər. Şübhə yoxdur ki, düşmənin
gözü hər zaman cənnət Qarabağda olacaq. Düşmən
daima öz təxribatları, yalan informasiyaları ilə dünya ictimaiyyətini aldatmağa
çalışacaq. Bu baxımdan, sayıqlığı bir an belə olsa da, əldən verməməliyik.
İnformasiya əsrində internet məkanında böyük təbliğati müstəvilərindən biri də
"Vikipedia”dır. Hazırki reallıq göstərir ki, düşmən bu platformada xeyli
güclüdür və bizi qabaqlayıb. Ermənilərin bütün dünyada mövcud olan diaspora
qurumları bu işin əsas aparıcı qüvvələridir. "Vikipedia”da ölkəmiz haqqında hər
hansı neqativ məlumatı dəyişmək və ya ona düzəliş etmək olduqca çətindir. Ancaq
mümkünsüz deyil. Biz çoxlarının skeptik yanaşdıqlarını reallığa çevirmək qüdrətində
olduğumuzu Vətən müharibəsində sübut etdik. Elə isə nədən bunu "Vikipedia”da da
etməyək?”.
Millət vəkili onu da bildirib ki, ölkəmizin
çoxmillətli gənclər ordusu ilə birlikdə bu istiqamətdə də fəaliyyətə başlayıb
dövlətimizin haqqlı davasına dəstək vermək qərarına gəldik: "Qorqud"
Vikipedia Metodiki Klubunun fəalları ilə yeni layihəyə start veririk. "Vikipedia” məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun
materialların yerləşdirilməsinə başlayırıq. Öncüllük verdiyimiz istiqamətlər
tarix, mədəniyyət, ədəbiyyat və incəsənətimiz olacaq. Eyni zamanda, arzulayan gənclərimiz
üçün təlimlərə də başlayırıq. "Vikipedia”da Vətən üçün çalışmaq istəyən gənclərimizə
xüsusi təlimlər keçiləcək”.
Vətən hər birimizindir və onu bütün dünyaya biz
tanıtmalıyıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
#Vikipediya #Deputat #ElnurAllahverdiyev #QarabağAzərbaycandır