Gənclərə güvənən dünya şöhrətli lider

Azərbaycan tarixində önəmli günlər, coşqu ilə qeyd edilən bayramlar var. Ancaq elə bir bayram var ki, bu bayram günü bizə qürur yaşadır. Bu günün tarixi əhəmiyyəti, bu günün coşqusu insana böyük ruh yüksəkliyi bəxş edir. Söhbət 15 iyun Milli Qurtuluş Günündən gedir. Bu gün biz gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, uşaqlıq illərindən yenicə qurtulub gənclik illərimizə qədəm qoyanda bir çox çətinliklərlə üzləşdik. 

1990-cı illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti hər bir ailədə öz mənfi fəsadlarını göstərdi. Dövlət böyük ailədir. Ailədə olan problemləri ailənin hər bir üzvü yaşayır. Biz də bir vətəndaş kimi problemlərdən yan qaça bilməmişdik. İstər elektrik enerjisinin kəsilərək verilməsi, istər qazın olmaması həyatımızda müxtəlif çətinliklər yaradırdı. Eyni zamanda hər gün qiymət artımının olması uşaqlıq arzularımızı gözümüzdə qoyurdu. Nəhayət, xalqın təkidi ilə hakimiyyətə gələn, uzaqgörən siyasətçi Heydər Əliyev bizə həm dövlətimizi həm uşaqlıq arzularımızı və ən nəhayət gəncliyimizi ərməğan etdi.Xalqımız ağır vəziyyətlərdən,çətin həyat şəraitindən məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində qurtuldu. Heydər Əliyev öz uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı üçün böyük bir inkişaf xətti seçdi, həmin inkişaf xətti bugündə davam edir. Təhsil, səhiyyə, iqtisadi, və siyasi sferada gənclər önə çəkildi. Peşəkar gənclərin formalaşması üçün bir çox gənc xaricdə təhsil aldı. Cəmşid Naxçıvanski Adına Ali Hərbi Məktəbin formalaşması ordu quruculuğunda mühüm addım idi. Məhz bu işlər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə deyə bilərik ki, bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərlə bağlı dövlət proqramları qəbul olunub, bir çox sahələrdə gənclər önə çəkilib. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə də deputatların böyük əksəriyyətinin gənclər olması uğurla siyasətin bariz nümunəsidir. Sonda onu deyim ki, biz gənclər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti dəstəkləyir, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Biz Birlikdə Güclüyük! 

İlhamla Mehribanla Azərbaycan Naminə - İMAN səhifəsinin təsisçisi
İctimai fəal
Hüseynova Ayşən Fəxrəddin qızı