Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətini ölkəmizdə
demokratiyanın, gender bərabərliyinin, xanımlara verilən dəyərin,onlara göstərilən
etimadın bariz nümunəsi hesab etmək olar. Müasir dövrümüzdə qadınların cəmiyyət həyatında fəal
təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bütün bəşəriyyət üçün aktual
bir məsələ olduğu halda, dövlətimizin bu istiqamətdə atdığı addımlar və əldə
olunmuş nailiyyətlər bir çox ölkələrə müsbət nümunədir. Azərbaycan
xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib
və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət,
ehtiram və məhəbbətlə yanaşıb. Azərbaycan
qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində
qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli
adının daimuca tutulmasına çalışıb.Azərbaycan qadınının mərdliyini,
dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər
kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində
respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə
olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender
bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac verib.
Bu gün onun nəticəsidir ki, ölkəmizdə qadınlar
bütün sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük nailiyyətlər
qazanırlar. Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan
qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının
artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu
böyükdür. Cənab Prezidentimizin də qeyd etdiyi kimi "Azərbaycan qadınlarının
milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolu var.”
Bu bir faktdır ki, Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası,
ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və
yaşadılmasında müstəsna xidmətlər göstəriblər. Bu gün də bütün fəaliyyətini
xalqımızın, dövlətimizin inkişafına həsr edən Azərbaycanın birinci xanımı,
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan müsbət örnək kimi göstərilə
bilər. Onun fəaliyyəti ölkəmizin
inkişafı və beynəlxalq miqyasda nüfuzunun artması, imicinin möhkəmlənməsi
baxımından mühüm əhəmiyyətə malikdir.O, ölkəmizin ictimai-siyasi həyatında rol
oynayan bir varlıqdır.
Mehriban xanımın Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində
həyata keçirdiyi bütün işlər dövlətimizin maraqlarını ifadə edir. Mehriban Əliyeva
gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə
olan bir varlıq olduğunu dünya ictimaiyyətinə hər dəfəsində sübut edir. Xeyriyyəçilik
və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq
Mehriban xanımın əsas amalıdır. Onun genişməzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır.
Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil
edən mühüm amillərdən biridir. O, müsahibələrinin birində qeyd etmişdir:
"...Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında
deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını
və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki,
xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə
çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı
olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin
fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə,
xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər
və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah
işlər görmək arzusundan ibarət olmalıdır”.
Mehriban xanımın fəaliyyəti humanizm meyarına söykənir.Onun gördüyü bütün işlər, həyata
keçirdiyi bütün layihələr Azərbaycanı yaşatmaq siyasətidir. Bu danılmaz bir faktdır ki, Mehriban
xanım genişmiqyaslı fəaliyyəti ilə eyni zamanda Azərbaycanın yüksək dəyərlərini,
humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Birinci xanım Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və
dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə,
idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq
miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın
birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin
inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına
verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirsək görərik ki,
bu qurum Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş
tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.
Ümummilli liderimizin adını daşıyan bu
fond Heydər Əliyev ideyalarını böyük əzmlə və sədaqətlə həyata
keçirir.Belə ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının
bütün sahələrini əhatə edir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da xüsusilə qeyd etmək
lazımdır ki, bu fond, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü
və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə
hazırladığı "Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin
kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.
Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə dünya ölkələrinin bütün birinci
xanımlarına örnəkdir. O, dövlətimiz üçün yorulmadan çalışır, böyük layihələrə
imza atır. Mehriban Əliyeva deyir ki: "İnsan gördüyü işin haqlı, xeyirli və
lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi
məmnunluqla ödənilir”.
Bütün fəaliyyəti ilə uğurlara imza atan birinci xanımın məqsədi, amalı, fədakarlığı,
ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanımın ölkəmizdən kənarda
apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə
malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan
qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu
gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali
mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi
xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, onun şərəfinə
və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə
nüfuz və şöhrətə malik olduğunun göstəricisidir. Dünya miqyasında Mehriban
xanım Azərbaycan qadınının simvoludur. Azərbaycan və Azərbaycan qadını Mehriban
xanımın timsalında dünyada öz layiqli yerini qazanıbdır.
Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri