"Və bilin ki, çox bağışlayıcı, çox həlimdir Allah» (Bəqərə, 235) Quranda Allahı ən yüksək dərəcədə sevmək (Bəqərə, 165), Onun xoşnudluğuna nail olmaq və Ondan xoşnud olmaq (Məidə, 119) təməl əxlaqi hədəf olaraq göstərilir. Allahı sevmək həm də Onun əxlaqı ilə əxlaqlanmaq, boyası ilə boyanmaq, ən gözəl (əsmai-hüsna) adlarındakıkeyfiyyətlərə nail olmağa çalışmaqdır. İslam dininin tövsiyə etdiyi bu əxlaq ayrı-ayrı zamanlarda peyda olan və sürətlə populyarlaşan, daha çox fərdi mənafeləri düşünən, cəngəllik qanunlarını xatırladan «insan insanın canavarıdır» fəlsəfəsinə qarşı qoyulmuşdu. Cahiliyyə əxlaqı Quranda dəfələrlə hədəfə alınır. «Əslində, insanların çoxu çıxmış yolundan. Yoxsa cahiliyyə çağının hökmünü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?» (Məidə, 49 – 51).
Cahiliyyə əxlaqı nə idi? Bu dönəmin İsa peyğəmbərlə Məhəmməd peyğəmbər arasındakı bir dövr olduğu fikri var. Eyni zamanda, cahiliyyənin keçmişdə də, gələcəkdə də mövcud olan əxlaq tipi olması fikri də geniş yayılıb. Ümumiyyətlə, «cəhl» sözü Quranda «elm»in korrelyatı kimi işlənsə də, bəzən «helm»in qarşılığı mənasında da rastlanır: «Küfr edənlər qəlblərində o təəssübü – cahiliyyə çılğınlığını qaynatdığı zaman Allah peyğəmbərinin və möminlərin ürəyinə arxayınlıq saldı» (Fəth, 26). Burada elmsizliyin özü yox, ondan doğan barbarlıq, təkəbbürlülük nəzərdə tutulur. İslama qədərki dövrün kumiri, qəhrəman etalonu haqqında məşhur cahiliyyə şairi Züheyrinin bir şerində oxuyuruq: «O bir aslandır, pürsilah (silahlanmış), dırnaqları kəsilməmiş. İgiddir, zülmə uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa, özü zülmə başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər. Və insanlara zülm etməyənin özü zülmə məruz qalar».
Göründüyü kimi,
burada ədalət, mənəviyyat prinsipləri yox, başqalarına qalib gəlməyi ideal
olaraq götürən, sərhədləri fərd və qəbilənin mənafeyi hüdudlarından kənara
çıxmayan bir əxlaq tərənnüm olunur. İslam bu əxlaqa qarşı insana münasibətdə
helm, şəfqət, məhəbbət dolu bir əxlaq qoydu. Dinimizdə Allahın sahib olduğu və
insanlara da tövsiyə olunan keyfiyyətlərdən biri də helm – həlimlikdir. Bu, əxz
edilməsi o qədər də asan olmayan mənəvi keyfiyyətdir. Çünki çətin vəziyyətlərdə
insanların dözüm səviyyəsi eyni deyil. Bəzi insanlar hətta ən bəsit
situasiyalarda həyəcanlanır, çılğınlıq nümayiş etdirir. Tövsiyə olunan isə
ağılla, yumşaqlıqla hərəkət etmək, şiddətli hadisələrin qarşısında sarsılmamaq,
təmkinini mühafizə edə bilməkdir. Kamil insan belə olmalıdır.
Tam yetişmiş şəxsiyət sahibi olanlar, adətən, könül genişliyinə sahib olur,
insanların yanlışlarında üzrünü məqbul saya bilir, xətalarını görməməyə
çalışır. Birisi onu narahat edəndə isə öz səviyyəsinə baxıb ona qoşulmur. Hər
işi ağıl və ağırtaxtalılıqla yola verməyə çalışır. Bu, Allah qatında bəyənilən
keyfiyyət olub helm adlanır.
Təfsir
kitablarında əsmai-hüsnadan olan «həlim»in «çox səbrli, günahkarları cəzalandırmaqda
tələsməyən» anlamı var. Və ya «qulların üsyanından təsirlənməyən, günahkarlara
qəzəb etməsi özünü təlaşa salmayan, hər şeyi olması lazım gələn ölçüdə edən»
kimi də izah olunur. Allah taalanın həlimlik sifəti ilə bağlı ayələrə baxaq.
Araşdırdığımız
on bir ayədən altısında «həlim» sözü qafur (bütün günahları bağışlayan), üçündə
alim (çox yaxşı bilən), birində qəni (hər şeydən müstəğni), birində isə şəkur
(az miqdarda yaxşı hərəkətə çox mükafat verən) adları ilə birgə işlənir.
Bunların bəzilərini nəzərdən keçirək. «Allah sizi çərənləyərək içdiyiniz
andlara görə töhmətləndirməz, ürəyinizdən gələn andlara görə töhmətləndirər.
Şübhəsiz, bağışlayandır, həlimdir Allah» (Bəqərə, 225); «Belə qadınlara evlənmək
təklifini eləyəndə, yaxud bu istəyi ürəyinizdə saxlayanda günaha batmazsınız.
Allah bilir,
anacaqsız onları. Qanuni işdən savayı nəyinsə barəsində onlarla gizlicə vədələşməyin.
Müddət bitməyincə kəbin kəsdirmək fikrinə düşməyin. Bilin, ürəyinizdən keçəni
bilir Allah, çəkinin Ondan. Və bilin ki, çox bağışlayıcı,
çox həlimdir Allah» (Bəqərə, 235); «Gözəl bir söz söyləmək, əfv eləmək əziyyət
gətirən sədəqədən yaxşıdır. Varlıdır, həlimdir Allah» (Bəqərə, 263); «İki dəstə
üz-üzə gələn gün geri durdu bir qisminiz. Bəzi işləklərinə görə onları yolundan
çıxarmaq istəmişdi şeytan. Onları əfv etdi Allah. Şübhəsiz, bağışlayandır, həlimdir
Allah» (Ali İmran, 155); «Öyər Onu yeddi göy, yer və bunlarda olanlar. Bir məxluq
olmaz ki, Onu öyməyə. Amma siz anlamazsız onların öyümünü. Şübhəsiz, çox həlimdir,
günahlardan keçəndir O» (İsra, 44); «Zövcələrindən kiminin
növbəsini istəsən təxirə sal, kimini də istəsən yanına al. Kənar olduğun zövcələrindən
də istədiyini yenə çağırsan yanına, batmazsan bir günaha. Onlara gözaydınlığı
üçün belə etsən daha yaxşı. Gərək heç üzülməyələr, hər birinə verdiyindən razı
qalalar. Ürəyinizdə nə varsa, bilər Allah. Hər şeyi biləndir, həlimdir Allah» (Əhzəb,
51); "Allahdır
göylərlə yeri məhv olmaqdan saxlayan. Yoxluğa üz tutdumu göylərlə yer, Allahdan
başqa heç kəs bunları tutub saxlaya bilməz. Həlimdir, günahlardan keçəndir O»
(Fatır, 41).
Bəllidir ki,
Allah taala yolunu azmış qövmlərə peyğəmbər göndərərək xatırlatmalar edib. Bu
görüşdə mütləq iki tərəf olur: həqiqəti görmək istəməyən qövm və Allahın
elçisi. Qarşılaşan tərəflərin danışıqlarını, davranışlarını müqayisə edəndə hər
zaman peyğəmbərlərin müvafiq qövmlərə – Allahı unutmuşlara, yolunu azmışlara həlimliklə
müraciət etdiyini görürük. Baxmayaraq ki, bu qövmlər Allah əmrinə tabe olmaqdan
imtina edir, özünə və başqalarına zülm edirlər. Quranın müşriklərə olan tənqidinin
predmetini onların cəhli təşkil edir. Bu cəhl
isə o idi ki, onlar, sadəcə, ağılları çatmadığı üçün inkar etmirdilər, qürur, təkəbbür,
inadkarlıq kimi yaramaz keyfiyyətləri üzündən peyğəmbərlərin gətirdiyi
qardaşlıq, bərabərlik, mərhəmət, səbr, sülh şərtləri içində
yaşama şərtlərinə müqavimət göstərirdilər. Peyğəmbərlər, sadəcə, xəbərdarlıq
edirdilər. Çünki Qurandakılar, Allahın vəhyləri etik-əxlaqi imperativ deyil,
«insanlar üçün açıqlama, inananlar üçün öyüd və hidayətdir
». Dində məcburiyyət yoxdur. Və bir də ona görə ki, peyğəmbər Allah elçisidir və
o, Allah taalanın ən gözəl adlarından olan Həlim sifəti ilə sifətlənmiş
olmalıdır. Çünki o, Allahı təmsil edir. Allah isə həlimləri
sevir. Bundan başqa, Müqəddəs Kitabımızda peyğəmbərlərin aləmlərə rəhmət olaraq
göndərildiyi deyilir. Emosiyaların əsiri olan, qəzəblənən, coşan, özündən
çıxan, təhdid edən rəhmət ola bilməz.
Məsələn, Quranda
Allah taalanın peyğəmbəri Hudu öz qövmünü tövhidə dəvət etməyə göndərdiyi
deyilir. Ad qövmünün adamları özlərini çox güclü sayırdılar: «Ad qövmünə gəlincə,
yer üzündə haqsız yerə
təkəbbürlük etmişdilər. Demişdilər: «Kimdir bizdən güclü olan?» Onları yaradan
Allahın özlərindən daha güclü olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi
danırdılar beləcə» (Fussılət, 15). Onlar bu təkəbbürləri
üzündən Hudun həlimliyini qiymətləndirmirdilər. Həlimlik onlar üçün dəyər
deyildi. Hudu kiçildirdilər: «Bu elçinin qövmündən olub kafirlik eləyən, axirətə
qovuşmağı danan o kübarlar ki, biz onlara dünya həyatında
bolluca ne’mət vermişdik, dedilər: «Bu da sizin kimi bir bəşərdir, sadəcə,
yediyinizdən o da yeyər, içdiyinizdən o da içər. Özünüzün bənzəri bir bəşərə
itaətdə olsanız, ziyana düşərsiniz (Muminin, 33-34). Peyğəmbərə olan
etimadsızlıq Allaha olan sayğısızlıq idi. Amma onların bu etirazları qabağında
Hudun seçdiyi tövr belə idi: «Hud dedi: «Ey qövmüm, mən ağılsız deyiləm, aləmlərin
Rəbbinin göndərdiyi elçiyəm. Mən Rəbbimin sözlərini yetirirəm sizə, etibarlı
öyüdlər verirəm sizə» (Əraf, 67-68). Başqa bir ayədə deyilir: «Ad qövmünə göndərdik
Biz Hudu, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət
eləyin, yoxdur sizin Ondan başqa tanrınız. Allaha şərik qoşmaqla Ona böhtan
yaxırsız. Ey qövmüm, buna əvəz olaraq sizdən
bir əcir uman deyiləm. Əcrimi xaliqim verər. Bir ağıl işlətsəniz! Ey qövmüm, məğfirət
diləyin Rəbbinizdən, sonra tövbə eləyib üzünüzü tutun Ona. O da bolluca yağış
göndərər göydən sizə, güc qatar gücünüzə.
Günah işlətməyin, Ondan üz döndərməyin» (Hud, 51-52).
Cahillərin Huda
sataşması onun helmini məğlub edə bilmədi. Çünki Allahın xeyir timsalı bir peyğəmbəri
ilə daşlara sitayiş edən qövm arasında böyük bir mədəniyyət fərqi vardı. Huddan
sonra Saleh peyğəmbər Şam ilə Hİcaz arasında Hicr deyilən bölgədə məskun olan Səmud
qövmünə göndərilib. Səmudlular zənginlik içində yaşayıblar. Komfortlu evləri,
yamyaşıl bağ-bağçaları,
bazarlarının zənginliyi ilə öyünürmüşlər. Bütün bunlar onları Allaha
qulluq etməkdən uzaqlaşdırıb. Təkəbbürlü, qürurlu, özündən müştəbeh, tamahkar və
inkarçı bir cəmiyyət halına gəliblər. Allahın onlara göndərdiyi
Saleh peyğəmbərin öyüdlərini dinləmir, onun peyğəmbərliyini yalanlayırmışlar.
Başqaları kimi tələb edirmişlər ki, bir möcüzə göstərsin. Uca Allah ona səmudluların
gözü qarşısında iki dağın arasında dişi
bir dəvə göndərir. O dəvə yalnız bəlli günlərdə gəlir və quyunun yalağından su
içib gedərmiş. Saleh peyğəmbər səmudlulara tapşırır ki, o dəvəyə toxunmasınlar,
əks təqdirdə böyük bəlaya düçar olarlar. Amma
səmudlular qəsdən onu dinləmir və dəvəni kəsirlər. Qövmü Saleh peyğəmbəri və
möminləri qorxutmaq üçün çalışıb. Etiraz səslərini ucaldır, kinlərini üzə
çıxarırmışlar. Saleh onlara yumşaq davranaraq: «Ey millətim! Mən sizə Rəbbimin
risaləsini təbliğ etdim. Fəqət siz nəsihət edənləri sevməzsiniz» deyib.
Ülül əzm peyğəmbərlərdən
olan İbrahim üçün Əvvab (çox ah çəkən), Münib (Allaha sığınan), Hənif, Şakir
kimi sifətlrlə yanaşı Həlim sifəti də işlənir. İbrahim peyğəmbər Babil
camaatına uzun müddət haqq dini, dünyanı, axirəti, həyatı, ölümü və s.
anlatmış, atası Azərə isə bunları incəliklərinə qədər izah etmişdi. Amma nə
xalq, nə də atası ona inanmışdı. Amma İbrahim bundan acıqlanmamış, təmkinini
qorumuşdu. Hətta atası üçün Allahdan rəhmət diləmişdi: «Sənə salam olsun! Sənin
üçün Rəbbimdən məğfirət diləyəcəyəm. Çünki o, mənə qarşı lütfkardır
» (Məryəm, 74); «Məğfirət diləməzdi atasına İbrahim, sadəcə, əməl eləyirdi ona
verdiyi və’də. Biləndə ki, Allahın düşmənidir atası, ondan uzaq oldu. Çox həssasdı,
həlimdi həqiqətən İbrahim» (Tövbə, 114).
Quranda bəzən
«helm» sözü işlənməsə də, söhbətin bu keyfiyyətdən getdiyi aydın olur: «Onlar
ki, günahın böyüklərindən və çirkinliklərdən uzaq durar və acıqlananda da qüsur
örtərlər» (Şura, 37); «Bir şirin dil, bir bağışlama, ardından incitmək gələn sədəqədən
daha xeyirlidir. Allah Qənidir, Rəhimdir» (Bəqərə, 263). Başqa bir ayədə isə
yumşaqlıq, helm anlamında «hevn» sözü işlənib. Bu anlam sondakı cümlədən
anlaşılır: «Cahillər onlara söz atdıqları zaman «Salamat olun» deyərlər».
Quranda hətta arzuolunmaz pis situasiyalarda da təmiknini
saxlama, özünü emosiyalara təslim etmədən yaxşı üsullarla vəziyyətdən çıxma
tövsiyə olunur: «Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et»
(Muminin, 96).
Nəhayət, qeyd edək ki, həlimlik hər cür
yumşaqlıq yox, həlim olmaya bilənin etdiyi əxlaqi davranışdır. Başqa
alternativi olmayanın göstərdiyi yumşaqlıq helm deyil. Məsələn, qurdun
qarşısında yumşaqlıq
göstərən quzunun hərəkəti helm deyil. Helm sərt olmaq imkanına baxmayaraq,
Allahın Həlim gözəl adına uyğun şəkildə yumşaq davranışdır. Məqsəd Allah
razılığına nail olmaqdır. Bir sıra peyğəmbərlər
Allahın tapşırıqlarını yerinə yetirəndə, özü də biləndə ki, yeganə qüdrət
sahibi Allah onu müdafiə edir, yenə də həlim şəkildə davranır, Allahın tövsiyə
etdiyi davranışı, onun xəlifəsinə yaraşan davranışı sərgiləyirdilər.
Bu davranış təqdir olunur: «Sizi çaşdırmaqdan çəkinməzlər, istərlər çətinə düşəsiz.
Qəzəb daşıb tökülər ağızlarından. Sinələri daha çox doludur kin-küdurətlə. …
Baxın, sizi sevməsələr də sevirsiniz onları»
(Ali İmran, 118-119).
Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən"Dini maarifçilik istiqamətində kitab çapı” layihəsi çərçivəsində çap olunur.