Ramil Usubov: “Ermənistan tam iflasa sürüklənəcək”

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib. Onun sözlərinə görə, zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək:

"Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər. Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcəkdir. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir".

Ramil Usubov bildirib ki, Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq:

"Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir, inkişafları üçün real zəmindir.

Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşəcək yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan Avroatlantik məkanda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm faktor kimi qəbul ediləcək. Bu status-kvo eyni zamanda cənab İlham Əliyevin regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır".