Modern dövlət idarəçiliyinin yeni strateji arxitekturası

Müasir dünyada dövlətlərin gücü təkcə təbii resurslarla və hərbi potensialla deyil, eyni zamanda rəqəmsal idarəetmə imkanları, innovasiya mühiti və texnoloji müstəqillik səviyyəsi ilə ölçülür. XXI əsrin əsas çağırışlarından biri dövlət idarəçiliyinin daha çevik, şəffaf, sürətli və effektiv sistemə keçididir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi vurğuladığı “Azərbaycanın yeni rəqəmsal arxitekturası” anlayışı ölkənin gələcək inkişaf xəttini müəyyən edən strateji yanaşma kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı dövlətin tam yeni bir konsepsiya ilə bu istiqamətdə nəzərdə tutduğu planların ictimaiyyətə təqdim edilməsidir. Bu model Azərbaycana regional liderlik imkanları qazandırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətini yüksəldən, dövlət xidmətlərini daha şəffaf və çevik edən, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirən mühüm strateji xəttdir.

“Yeni rəqəmsal arxitektura” sadəcə elektron xidmətlərin artırılması deyil. Bu, bütövlükdə dövlətin idarəetmə fəlsəfəsinin, iqtisadiyyatın təşkilinin və sosial xidmətlərin təqdim edilməsinin yeni texnoloji əsaslar üzərində qurulması deməkdir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” dedikdə ölkənin dövlət idarəçiliyi, iqtisadi münasibətləri və sosial xidmətləri üçün vahid, inteqrasiya olunmuş, təhlükəsiz və ağıllı rəqəmsal sistemin formalaşdırılması nəzərdə tutulur. Bu sistem bir neçə əsas istiqaməti özündə birləşdirir:

Müasir dövlət modeli artıq ayrı-ayrı qurumların öz daxili məlumat bazaları ilə işləməsi üzərində deyil, bütün dövlət strukturlarının bir-biri ilə əlaqəli işlədiyi vahid rəqəmsal platforma üzərində qurulur. Bu platforma vasitəsilə vətəndaş dövlət xidmətlərinə daha rahat çıxış əldə edir, məlumatlar təkrarlanmış formada deyil, koordinasiyalı şəkildə idarə olunur.

Rəqəmsal arxitekturanın əsas dayaqlarından biri hər bir vətəndaşın vahid elektron identifikasiya sisteminə malik olmasıdır. Bu, xidmətlərin avtomatlaşdırılmasını, sosial müdafiə mexanizmlərinin daha dəqiq qurulmasını və bürokratik maneələrin aradan qaldırılmasını təmin edir. Yeni rəqəmsal arxitektura dövlət məlumatlarının daha səmərəli toplanması, təhlili və idarə olunması ilə dövlət qərarlarının daha elmi və dəqiq əsaslarla verilməsinə imkan yaradır.

İlk növbədə rəqəmsal arxitektura iqtisadi idarəetmədə şəffaflığı artırır. Vergi sisteminin, gömrük mexanizmlərinin, dövlət satınalmalarının və maliyyə axınlarının rəqəmsallaşdırılması dövlət büdcəsinə daxilolmaları artırır və qeyri-rəsmi iqtisadiyyatın daralmasına gətirib çıxarır. Dövlət xidmətlərinin rəqəmsallaşması biznes mühitini daha əlverişli edir. Sahibkar üçün əsas problem vaxt itkisidir. Lisenziyaların alınması, qeydiyyat prosesləri, icazələrin verilməsi və müxtəlif dövlət qurumları ilə əlaqələrin rəqəmsallaşması investisiya mühitini yaxşılaşdırır, daxili və xarici investorların ölkəyə marağını artırır.

Yeni rəqəmsal arxitekturanın sosial baxımdan ən mühüm nəticəsi dövlət-vətəndaş münasibətlərinin daha müasir və daha əlçatan formaya keçməsidir. Elektron hökumət platformalarının genişlənməsi, ASAN xidmət modelinin rəqəmsal imkanlarla daha da zənginləşməsi insanlara vaxt və xərc baxımından böyük üstünlüklər verir.

Rəqəmsal bazalar vasitəsilə dövlət ehtiyaclı təbəqələri daha dəqiq müəyyən edə bilir, sosial ödənişlərin təyinatında şəffaflıq artır, sui-istifadə halları azalır.

Dövlət sistemlərinin qorunması, informasiya infrastrukturlarının təhlükəsizliyi, strateji obyektlərin idarəetmə sistemlərinin kibertəhlükələrdən müdafiəsi müasir dövrdə hər bir dövlət üçün prioritet məsələdir. Azərbaycanın bu sahədə atdığı addımlar ölkənin rəqəmsal suverenliyini möhkəmləndirir və strateji müstəqilliyini təmin edir.

Prezident İlham Əliyevin tələb etdiyi “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin inkişaf konsepsiyasında yeni mərhələ deməkdir. Bu anlayış rəqəmsal texnologiyaların sadəcə tətbiqi deyil, dövlətin idarəçilik mexanizminin tamamilə modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və sosial rifahın daha dayanıqlı əsaslar üzərində qurulmasıdır.

Əminə Ağazadə

Milli Məclisin deputatı