Dövlət Sərhəd Xidməti (DSX)
dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər
davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən
verilən mlumata görə, 17 iyun tarixində saat 21:40 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun
Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər
naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində
dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd pozucularının silah və
gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində
narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
Sərhəd zastavası "Silaha”
komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə
haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək havaya
xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd
naryadına qarşı avtomat silahdan və "Vinçester” tipli tüfəngdən atəş
açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası
Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından
biri güllə yarası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan
"Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən
sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin
qaranlıq olmasından istifadə edərək geri qaçıb və İİR sərhədçiləri tərəfindən
öz ərazilərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və
İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.