- Təbrik edirik, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?
- Doğum günüm bu gündür, amma bir həftədir ki, telekanallarda, sosial şəbəkələrdə hər kəs məni təbrik edir, xoş sözlər söyləyirlər. Çox sevincliyəm və məni sevən, təbrik edən hər kəsə minnətdarlığımı ifadə edirəm.
- İlk hədiyyəni kimdən aldınız bəs?
- İnanın o qədər güllər, hədiyyələr göndərirlər, heç xatırlamıram ilk hədiyyə kimdən gəldi.
- Maşallah, çox gözəlsiniz, bəlkə bunun sirrini bizə də açasınız?
- Bəlkə də şablon çıxacaq, amma mən yenə təkrar edirəm ki, insanın daxili də gözəl olmalıdır. Eyni zamanda qadın baxımlı olmalıdır. Yalandan durub deyə bilmərəm ki, mən elə özümə baxmadan belə gözəl qalmışam. Yox. İlk gənclik yaşlarımdan özümə baxırdım. Təbii vasitələrdən maskalar düzəldib, üzümə çəkirdim. Hətta o vaxtlar mənə deyirdilər ki, üzünə bu qədər maska eləmə, vaxtsız qırışacaq. Onlara fikir vermirdim. Qadın həmişə baxımlı olmalıdır.
- Yəni indiyə qədər plastik əməliyyatlar etdirməmisiniz?
- Mezolardan istifadə etmişəm, amma plastik, estetik əməliyyat etdirməmişəm. Bəlkə də 15 ildən sonra etdirəcəm, deyə bilmərəm. Amma səhnədə olsam. Çünki səhnə gözəllik sevir. Səhnədə olmasam, heç vaxt plastik əməliyyat etdirmərəm. Çünki botoks və digər süni vasitələr qadının üz ifadələrini də itirir. Donmuş, süni gözəllik gözəllik kimə lazımdır?
- Gözəlliyinizi qorumaq üçün daha hansı vasitələrdən istifadə edirsiniz?
- Yeməyimə fikir verirəm, pəhriz saxlayıram, təmiz havada çox gəzirəm, üzgüçülüklə məşğul oluram. Səhnə adamı gözəl ifası və səsi ilə bərabər xarici görünüşü ilə də zövq oxşamalıdır.
- Yaş artdıqca əksər xanımlar kompleksə düşür. Sizin necə yaş kompleksiniz varmı?
- Elə xanımları xoşlamıram. Qadın var ki, yaşı 40-ı adlayan kimi kompleksə düşür. Bədbinliyə qapılır, qocalmışam deyib, fikir edir. Bədbinlik qadını kifirləşdirir. Siz də qadınsınız, fikir verin, əsəbləşəndə dərhal üz ifadələriniz dəyişir. Qadın bədbinləşdikcə, aqressiv olduqca və özünə güvən hissini itirdikcə gözəlliyini itirir. Amma bəzən baxırsan ki, kifir bir xanım özünə o qədər güvənlidir ki, başqalarının da gözündə gözəl görünür. Mən bunun şahidiyəm. Qadın özgüvənli olmalıdır. Allah rəhmət eləsin, İlhamə Quliyeva o yaşda necə gözəl, özgüvəni olan xanım idi. Biz onunla dostluq edirdik. Özünü sevirdi, hörmət edirdi. Qaynanamın 80 yaşı var, amma özünə elə baxır, elə bilirsən, 45 yaşındadır. Mən adətən rayona qonaq gedəndə sadə geyinirəm. Amma o bizə gələndə elə geyinib-keçinir, elə gözəl görünür, istər-istəməz ona baxıb elə gözəl görünmək istəyirsən. Hətta nəvələri də mənə deyir ki, ana, nənəm gör necə gözəl qadındır. Yəni qadın hər yaşda özünə fikir verməli, baxımlı olmalıdır.
- Bir də məncə, qadının gözəl və gənc qalması üçün sevgi də önəmli faktordur?
- Razıyam. Məni gözəl saxlayan ailəmin və xalqımın sevgisidir.
- Həmişə gözəl, zövqlə geyinirsiniz. Maraqlıdır, brend sizin üçün önəmlidir?
- Təvazökarlıqdan uzaq olsa da, həmişə brendə üstünlük vermişəm. Bir dəfə Rusiyadan heç də brend olmayan bir çanta almışdım. Xoşuma gəldi və aldım. Tədbirlərin birində İlhamə Quliyeva mənə dedi ki, o nə çantadır, götürmüsən? Sənə yaraşmır, sən sənətkarsan, brend çantalar götürməlisən. Hətta hərdən mənə zarafatla deyirdi ki, deyəsən, mənimlə ayaqlaşmaq istəyirsən, icazə verirəm, sənə olar, çünki əsil sənətkarsan. Allah ona rəhmət eləsin, xanım-xatın sənətkar idi, bu gün onun yeri görünür.
- Həmişə qalmaqallardan uzaq durursuz. Amma sənətkar ola paxıllığını çəkən olmaya, bu heç inandırıcı deyil. Yəqin bədxahlarınız da var...
- Bəzən sosial şəbəkədə fotolarımın altında xoşagəlməz sözlər yazılır, bu mənim xoşuma gəlmir, pis təsir edir.
- Nə yazırlar ki?
- Nəsə xoşagəlməzliklər olur, bu barədə danışmaq istəmirəm. Hər halda, padşahın da dalınca danışırlar. Düzdür, padşahlıq iddiam yoxdur, amma olur belə xoşagəlməzliklər.
- Əlbəttə, paxıllıq edənlər həmişə tapılır. Elələrinə qarşı reaksiyanız necə olur?
- Əhəmiyyət vermirəm. Həmişə çalışmışam, qazandığım hörmət hissini itirməyim. Çünki hörməti qazanmaq çətindir, amma onu itirmək bir anlıqdır. Mən insanların sevgisini qazanmışam, onu itirməkdən çox qorxuram. Xalqıma, dövlətimə minnətdaram ki, məni dəyərləndirir.