Elmlər Akademiyasında yeni kadr təyinatları olub

Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

sabahinfo.az-ın xəbərinə görə, tədbirdə müzakirəyə çıxarılan məsələlərdəmn biri AMEA-nın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul planı haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik akademiya prezidenti Akif Əlizadə 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu deyib. Qəbulun nəticələri ilə bağlı məlumat verən AMEA rəhbəri magistraturaya qəbulun uğurla keçdiyini və AMEA-nın magistraturasına marağın olduqca böyük olduğunu qeyd edib. Bildirib ki, bunu nəzərə alaraq, AMEA-nın elmi bölmə və müəssisələrinin təklifləri əsasında Akademiyanın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul planının layihəsi hazırlanıb. 

Rəyasət Heyəti iclasda planın layihəsini müzakirə edərək təsdiq edib. Elm və Təhsil İdarəsinə planın müəyyən olunmuş qaydada İqtisadiyyat Nazirliyində də təsdiq olunması üçün onlara təqdim etmələrinə dair tapşırıq verilib. 

İclasda AMEA-nın elmi müəssisələrində 2016-cı ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı məsələ müzakirə edilib. 

Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında Rəyasət Heyəti qərar qəbul edib. İnstitutun Analitik informasiya və nəşriyyat şöbəsi ləğv edilərək, onun əvəzinə, Təhsil şöbəsi və İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsi yaradılıb. 

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.