Paytaxt məktəbliləri arasında keçirilən futbol turniri davam edir. sabahinfo.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən tədbirə Bakının 6 məktəbinin şagirdləri cəlb edilib. Layihə rəhbəri İsmayıl Abdullayevin sözlərinə görə, "Məktəblər arası futbol turniri” layihəsinin əsas məqsədi gənclər arasında idmana həvəs oyatmaq, gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün onlara şərait yaratmaqdır. Layihə çərçivəsində Yasamal rayonu 175, 176, 53, 31, 225 saylı tam orta məktəbləri və Səbail rayonu 2 saylı humanitar liseyinin şağirdləri arasında seçim turları keçirilib. Oyunların keçirilməsi üçün gənclərə formalar paylanib. İlk oyun oktyabrın 16-da 53 saylı tam orta məktəbin və 2 saylı liseyin şagirdləri arasında keçirilib. İkinci oyun oktyabrın 23-də 175 və 176 saylı tam orta məktəbin şagirdləri arasında baş tutub. Artıq seçim turları bitib. Birinci və ikinci yeri müəyyənləşdirmək üçün daha iki oyun, yəni yarımfinal və final oyunları keçiriləcək. Oyunlar dərsdən kənar olduğundan hər həftənin bazar günləri keçirilir. Son seçim oyunu isə oktyabrın 30-da 31 və 225 saylı tam orta məktəblərin şagirdləri arasında keçirilib. Yarışın sonunda birinci və ikinci yerin qalibləri mükafatlandırılacaq.