Xəbər verdiiymiz kimi, Tayvanda Yilan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival keçirilir.
Sabahinfo.az xəbər verir ki, iyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət "Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.
Festival çərçivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində - nağarada "Ritmlər”, tarda "Şur”, kamançada "Mahur”, qarmonda "Segah”, klarnetdə "Cahargah”, pianoda "Bayatı-Şiraz” muğamları və "Aysel-Buta” rəqs qrupu tərəfindən "Yallı”, "Nəlbəki”, "Naz elemə” rəqsləri ifa olunub.
Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. Festivalda, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək.
Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.