Şahbuz rayon Gömür kəndində yeni kənd mərkəzi istifadəyə verilib. Adalet.az xəbər verir ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində
iştirak edib.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mənsur Orucov çıxış edərək
deyib
ki, bu gün Şahbuz rayonu
özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda
aparılan kompleks quruculuq işləri ucqar Gömür kəndində də uğurla həyata
keçirilmiş, insanların sosial problemləri həll edilmişdir. Həmçinin xidmət sahələrində
çalışan işçilər üçün nümunəvi iş şəraiti yaradılmışdır. Kənddə ailələr üçün fərdi
evlər tikilmiş, əhalinin məşğulluğunun əsasını təşkil edən təsərrüfat sahələri
genişləndirilmişdir. Sakinlər insan amilinə xidmət edən bu işləri böyük rəğbətlə
qarşılayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kəndində
həyata keçirilmiş quruculuq işləri münasibətilə sakinləri təbrik edib: "Gömür kəndində həyata keçirilən quruculuq tədbirləri
ölkəmizdə kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən bu ucqar dağ və sərhəd kəndində
yaradılan şərait insanların məskunlaşmasına, onların rahat yaşayışına, kəndlərin
kompleks inkişafına, bir sözlə, kəndlə şəhər arasındakı fərqin aradan
qaldırılmasına xidmət edir.
Gömür kənd sakinləri üçün
rahat yaşayış şəraiti yaradılmışdır. Kənd tamamilə qazlaşdırılmış, elektrik
enerjisinin fasiləsiz verilişi təmin edilmiş, müasir rabitə sistemi qurulmuş,
poçt şöbəsi fəaliyyətə başlamışdır. Həmçinin kəndə fiber-optik kabel xəttinin çəkilməsi
sürətli internetə çıxış imkanları yaratmışdır. Müasir tələblər səviyyəsində
qurulan məktəb binası isə şagirdlərin yaxşı təhsil almasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri deyib: "Gömür kəndində
yaradılan müasir infrastruktur, əhalinin rahatlığının təmin olunması istiqamətində
görülən tədbirlər ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Hazırda 580 nəfərə
yaxın əhalinin yaşadığı bu kənddə 157 nəfər dövlətdən əməkhaqqı, təqaüd və
müavinət formasında vəsait alır, əməkhaqqına əlavə 30 faiz ödənilir. Kəndin təbii
şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə heyvandarlığın,
arıçılığın və meyvəçiliyin inkişafı üçün əlverişlidir. Bu sahələrin inkişafı
dövlət tərəfindən də dəstəklənilir, güzəştli kreditlər verilir, istehsal olunan
kənd təsərrüfatı məhsullarının satışı təşkil olunur. 2015-ci il ölkəmizdə "Kənd
təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də sakinlər yaradılan şəraitdən və
göstərilən qayğıdan səmərəli istifadə etməli, kənd təsərrüfatının inkişafına öz
töhfələrini verməlidirlər. Həmçinin qurulanlar qorunmalı, Gömür kəndi daha da
inkişaf etdirilməli, insanlar burada rahat və firavan yaşamalıdırlar”.
Ali Məclisin Sədri Gömürün
bundan sonra da sərhəd kəndi kimi möhkəmlənməsi, burada insanların məskunlaşması
və rahat yaşayışı sahəsində lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib, bu işdə kəndin zəhmətkeş insanlarının da iştirakının
vacibliyini vurğulayıb, yeni
sosial obyektlərdə əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə edib.
Açılışı bildirən lent kəsilib və mərkəzə
baxış olub.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi
dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı,
rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət
evi və 60 yerlik iclas zalı var. Kənd mərkəzində yaradılan müasir iş şəraiti
inzibati idarəetmə sisteminin daha təkmil təşkilinə və sakinlərin sosial
problemlərinin vaxtında həllinə imkan verəcək.
Rabitə evində yeni ATS quraşdırılmış, poçt xidməti təşkil olunmuşdur. Binada kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası
Gömür kənd ərazi ilk təşkilatı üçün də müasir iş otaqları ayrılıb. Hazırda bu kənddə Yeni Azərbaycan Partiyası ərazi
ilk təşkilatının 82 üzvü var.
Əlverişli təbii şəraiti, geniş otlaq sahələri Gömürdə heyvandarlığın inkişafına
səbəb olub. Kənd əhalisinin əksəriyyəti
heyvandarlıqla məşğul olur. Ona görə də baytarlıq məntəqəsi üçün lazımi şərait
yaradılmışdır. Bildirilmişdir ki, baytarlar vaxtaşırı yerlərdə olur, yoluxucu xəstəliklərə
qarşı profilaktik tədbirlər görürlər. Baytarlıq xidmətinin düzgün təşkili kənddə
heyvandarlığın inkişafına və keyfiyyətli məhsul istehsalına öz töhfəsini verəcək.
Aparılan quruculuq tədbirləri zamanı kənd sakinlərinin asudə vaxtının səmərəli
təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd mərkəzində 5 mindən
artıq fondu olan kitabxana və mədəniyyət evi istifadəyə verilib. Buradakı iclas zalında müxtəlif tədbirlər keçiriləcək.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılıb. Burada ən müasir tibb avadanlıqları quraşdırılmış və
məntəqə lazımi dərman preparatları ilə təmin edilib.
Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar
verib.