Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri UFAZ-da olub 

Dekabrın 27-də Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Anne Boillon ilk dəfə Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova tərəfindən qarşılanan səfir UFAZ-ın əsas tədris binasını və elmi laboratoriyalarını ziyarət edib. Ona UFAZ-ın yaranma tarixi, tədris prosesi və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat verilib. Universitetin binası və infrastrukturundan müsbət təsirlənən səfir, Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə UFAZ-ın əhəmiyyətini vurğuladı. O eyni zamanda 2022/2023-cü tədris ilinin ikinci semesterində Fransaya təcrübə məqsədi ilə gedəcək tələbələr, ActInSpace beynəlxalq hakatonunun Fransa mərhələsində iştirak edəcək komandanın üzvləri və UFAZ Tələbə Şurasının idarə heyəti ilə görüşüb. Səfirə təşəkkürünü bildirən UFAZ rəhbərliyi ona yeni diplomatik vəzifəsində uğurlar arzulayıb.

Vüsalə Abdullayeva