Füzuli şəhəri: Qarabağın hava qapısı

1993-cü ilin 23 avqustunda ermənilər tərəfindən işğal olunmuş Füzuli rayonu özündə əsrlərin tarixini yaşadan qədim türk məskənlərindən biridir. Rayon ərazisində yerləşən tarixi-mədəni abidələrimiz əcdadlarımızın əsrlər boyu bu torpaqlarda yaşayıb yaratdıqlarını nümayiş etdirir. Tarixi özlərinin mifoloji uydurmaları ilə saxtalaşdırmağa cəhd göstərən erməni faşistləri 1993-cü il avqustun 23-də Füzuli rayonunu işğal etməklə ərazini etnik təmizləməyə məruz qoymuşdular. Digər rayonlarımızın işğalı zamanı olduğu kimi, Füzuli rayonunun işğalı da düşmən tərəfindən törədilən qan donduran müharibə cinayətləri ilə müşayiət olunmuşdu. Sayı 150 minə yaxın olan mülki əhali ağır hərbi texnika ilə silahlanmış düşmənin qəfil hücumuna məruz qalmış və minlərlə günahsız soydaşımız işğalçı ordu tərəfindən amansızlıqla qətlə yetirilmişdi.

"Qarabağın Şərq qapısı" sayılan Füzuli rayonunun işğaldan öncə ərazisi 1386 kv.km, əhalisi isə 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və xeyli yaşayış məntəqələri olub. Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 13 böyük xəstəxana, 40 müalicə məntəqəsi və dispanser, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.

Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına daxil edilən Azıx və Tağlar mağaraları işğal zamanı erməni vandallar tərəfindən dağıdılıb. Erməni işğalçıları tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb.

Heydər Əliyevin hakimiyyətə qayıtmasından az sonra, 1994-cü ildə rayonun 22 yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən azad edilmiş və öz doğma torpaqlarından didərgin düşmüş Füzuli sakinlərinin bir hissəsi rayonun azad olunmuş kəndlərinə və qəsəbələrinə qayıdaraq müqəddəs savaş gününü gözləyirdilər. 27 il ərzində ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan soydaşlarımız bir an da olsa doğma Füzuliyə qayıtmaq ümidini itirməmişdilər.

Nəhayət, 2020-ci il sentyabrın 27-də o tarixi gün gəldi və Azərbaycan Ordusu xalqın çoxdan gözlədiyi qələbə üçün düşmən üzərinə zəfər yürüşünə başladı. Xalqımızı yeni torpaqlar itkisi ilə hədələyən və hətta vaxtaşırı təmas xəttini keçməyə cəhd edən mənfur düşmən sentyabrın 27-də Azərbaycan xalqının “dəmir yumruğ”u ilə üzləşdi. Düşmən ordusu tərəfindən on illər ərzində texniki-mühəndis istehkamları ilə möhkəmləndirilmiş və hərbi mütəxəssislər tərəfindən alınmaz qala hesab olunan Füzulinin cəbhə xətti ordumuzun şücaəti qarşısında tab gətirə bilməyib parçalandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri ilə birlikdə daha 62 yaşayış məntəqəsi 27 illik işğaldan azad olundu. Vətən müharibəsinin ən önəmli qələbələrindən biri kimi Füzulinin azad olunması az sonra qazanılacaq tarixi qələbələr üçün möhkəm zəmin yaratdı. Azərbaycan Ordusunun bu zəfəri mühüm hərbi strateji əhəmiyyət daşıyan Füzuli ərazisindən daha geniş areala yayılaraq tezliklə düşmən sərhədlərinə çatdı. Füzuli uğrunda döyüşlər Azərbaycan xalqının döyüş ruhunu və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Füzulidən başlayan müzəffər yürüş xalqımızın qəhrəman oğullarını mədəniyyət beşiyimiz Şuşaya apardı.

Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Cəmi bir ay sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Füzuli özünün sülh, əmin-amanlıq və abadlıq dönəminə qədəm qoydu. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən Zəfər Yolunun təməli qoyuldu. Bir ay sonra isə artıq Füzuli şəhərinin baş planı təsdiq olundu. İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli–Şuşa, Füzuli-Ağdam, Füzuli–Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi bütövlükdə Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu. Qarabağın hava qapısı adlandırılan Füzuli hava limanının tikintisi cəmi səkkiz ay ərzində başa çatdırıldı və istifadəyə verildi. Bu gün Füzuli ucsuz-bucaqsız tikinti meydanını xatırladır. Rayonda çoxmərtəbəli müasir yaşayış binaları, məktəb, xəstəxana və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi sürətlə aparılır.

Müzəffər Ali Baş Komandanın bu rayona hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in, Füzuli şəhərində Azərişıq ASC-nin Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin, bütünlükdə Füzulinin yenidən inşası deyilənlərin təsdiqidir.

Bütün bunlar həyatımızda baş verən tarixi hadisələrdir. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Füzulinin azad olunması, həyata qaytarılması ilə yaşanan sevinc və qürur hissləri ilə bərabər Füzuli itkisi ilə yaşanan kədər hissləri də heç vaxt unudulmayacaq. Tarix unutqanlığı bağışlamır. Otuz ilə yaxın davam etmiş erməni işğalı bunu bir daha sübut etdi.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru