Prezident Ilham Əliyevin azad olunmuş torpaqlarımıza hər bir səfəri Qarabağ və Şərqi Zəngəzurda bir sıra quruculuq layihələrinin başa çatması və yeni layihələrin icrasına başlanması ilə yadda qalır. Bu günlərdə ölkə başçısının Füzuliyə səfəri də istisna olmadı.
Azad olunduqdan sonra ilk dəfə Şəhər Gününü qeyd edən Füzuli gözəl və müasir şəhər təəssüratı yaradır. Aparılacaq sonrakı abadlıq və quruculuq işləri isə onun daha da genişləndirilməsinə və daha çox insanların tezliklə öz bölgələrinə qayıtmasına xidmət edəcək.
Hələ ilkin mərhələdə doğma yurdlarına qayıtmış Füzuli sakinləri ilə görüşən Prezident Füzulidə, eləcə də digər şəhər və kəndlərimizdə həyata keçirilən layihələrin dünya miqyasında şəhərsalma prinsiplərinin ən yeni standartları əsasında hazırlandığını bildirdi.
Füzuli şəhəri azad olunan zaman bütün dünya erməni vandalizminin bariz nümunəsi ilə üzləşdilər. Şəhər viran edilmiş və bir dənə də olsa salamat bina qalmamışdı. Qısa müddət ərzində görülən işlər nəticəsində hazırda 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər isə artıq 2 minə yaxın soydaşımız Füzuli şəhərində yaşamağa başlayacaq. Bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradıldığını qeyd edən Prezident bəyan etdi ki, 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Ölkə başçısı bildirdi ki, bütün layihələri icra edərkən, həmin ərazilərə qayıdan əhalinin məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Şəhər və kənd əhalisi üçün müvafiq əşğulluq layihələri həyata keçiriləcək. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin lazımi texnika və avadanlıqlarla, güzəştli kreditlərlə təmin olunması nəzərdə tutulur. Bərpa olunmuş ərazilərə köçmüş vətəndaşların özünüməşğulluq proqramları bütövlükdə regionda hamının işlə təmin olunmasına şərait yaradacaq.
Nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsi bütövlükdə Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialının ümumi iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradacaq.
Prezident İlham Əliyev həmişə olduğu kimi Füzuli sakinləri ilə görüşdə də bir daha Vətən müharibəsini xatırlatdı və bu qələbənin Azərbaycan xalqı tərəfindən qazanıldığını vurğuladı. O şəhidlərimizə, qazilərimizə və veteranlarımıza göstərilən ehtiramın gənc nəslin tərbiyəsində mühüm rol oynadığını qeyd etdi. Prezident bütün azad olunmuş şəhər və kəndlərimizdə məktəblər, xəstəxanalar və gənclərin asudə vaxtının təşkili üçün lazımi binaların tikildiyini qeyd edərək gənclərə yaxşı təhsil verməyi və vətənpərvər ruhda böyütməyi tövsiyə etdi.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı