Gələcək inkişaf naminə…

 

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Nəsir oğlu Hüseynovun rayonun bir neçə qəsəbəsində şəhid ailələri və ağsaqqallar ilə görüşü keçirilib.

Görüşlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi yad edilib.

Deputatlığa namizəd Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qoşulub. Yeni dövrün çağırışları xalqın seçimini müəyyən edir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti və bütövlükdə partiya Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət xalqımız tərəfindən dəstəklənir.

Sahil qəsəbəsində şəhid Mirzəliyev Kamal Əjdər oğlunun, Qobustan qəsəbəsində şəhid Xəlilov Ələddin Əlizaman oğlunun ailələri də ziyarət olunub, onların qayğı və problemləri dinlənilib.

Aydın Hüsenov həmin gün Səngəçal qəsəbəsində yaşayan el ağsaqqalı Tağıyev Mirtağı Cəlil oğlunu evində ziyarət edərək onu 85 illik yubileyi münasibəti ilə təbrik edib. Daha sonra Qobustan qəsəbəsində yaşayan el ağsaqqalı Babayev Ziyafəddin Ağabəy oğlu da evində ziyarət olunub.

Görüşlərdə çıxış edən seçicilər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.