Gələn il ÜDM 3,5% artacaq

“Növbəti il qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatına reinteqrasiya olunması və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra edilməsi kimi makro-fiskal hədəflər və çağırışlar var”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, eyni zamanda, təhlillər göstərir ki, gələn il regional və qlobal siyasi və hərbi gərginlik, Qlobal miqyasda tənəzzül meylləri və riskləri, İnflyasiya təzyiqləri və təklif proqblemləri kimi daxil və xarici mühit çağırışları ilə də üz-üzə olacağıq: "Növbəti il iqtisadi artımın davam etməsi, qeyri-neft sektorun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının, o cümlədən alternativ enerji məhsullarının ixracının və çoğrafiyasının genişlənməsi, nəqliyyat daşımalarının intensivləşməsi üçün münbit sabit siyasi şəraitin mövcudluğu növbəti il üçün bizə yeni imkanlar vəd edir. Belə ki, təqdim edilmiş layihədə baza ssenaridə gələn il Ümumi Daxili Məhsulun real artım tempinin 2.4%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.6% olacağı, artımın, əsasən, qeyri-neft sektoru hesabına təmin olunacağı, Qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 71.2%-ə, orta aylıq əmək haqqının 980 manata çatacağı, Orta illik inflyasiyanın 5.3% olacağı, Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb".

Deputat bildirib ki, növbəti ildə Dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19.8 milyard manatı keçəcək: "Qeyd edim ki, Mərkəzi Bankın elan etdiyi proqnozlarda gələn il Ümumi Daxili Məshulun 3,5%, qeyri-neft-qaz sektorunda ÜDM-in 6% artacağı göstərilir. Mərkəzi Bank tərəfindən bu ildən başlayaraq makro-iqtisadi proqnozların verilməsini biz təqdirəlayiq hal hesab edir, apardığımız təhlil və müzakirələrdə bunu faydalı sayırıq”.