Gənclərimizin qarşısında açılan YENİ DÜNYA - XARİCDƏ TƏHSİL

Öz Vətəni ilə dünyanı bağlayan körpü

 

Reyhan Hüseynova: Təhsil insanın özü ilə qurduğu ən dəyərli gələcək müqaviləsidir 

 

Müsahibimiz Qərbi Kaspi Universitetinin dosenti, fəlsəfə doktoru, “University Foundation Courses” Tədris Mərkəzinin direktoru, “Minilliyin layihəsi” təşkilatının (The Millenium Project) Azərbaycan bölməsi üzrə sədri, Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin təsisçisi, “Tərəqqi” medallı Reyhan Hüseynovadır.

- Reyhan xanım, sizcə, xaricdə təhsil niyə aktualdır?

- Bilirsiniz, başqa bir ölkədə təhsil almaq təkcə diplom qazanmaq deyil. Bir çox tələbələr üçün bu, onların ilk dəfə ailədən uzaqda tək yaşamaq təcrübəsidir. Burada tamamilə yeni bir dünyaya - yeni mədəniyyətlərə, dillərə, düşüncə tərzinə qədəm qoymaqdan söhbət gedir. Gənclər üçün bu cür təcrübə müstəqillik, özünə güvən və həyata daha geniş bir baxış yaradır. Bu, onları böyüməyə, uyğunlaşmağa və dünyanı əvvəllər heç vaxt görmədikləri şəkildə dərk etməyə sövq edir. Xaricdə təhsil almaq təkcə fərqli təhsil deyil. Bu, tam bir həyat tərzi dəyişikliyidir.

 

Xarici dilləri uşaqlarınıza erkən yaşda öyrətməyə başlamaq lazımdır

 

- Valideynlər övladlarını xaricdə təhsil üçün hansı yaşdan etibarən hazırlamağa başlamalıdırlar?

 

- Xaricdə təhsil almış iki qız anası olaraq deyə bilərəm ki, övladlarımıza xaricdə təhsil vermək əslində bütün ailənin birgə layihəsidir. Xarici dilləri uşaqlarınıza erkən yaşda öyrətməyə başlamaq lazımdır. Şagirdlər vaxtlarını idarə etməyi, özlərinə qayğı göstərməyi və qərar qəbul etməyi bilməlidirlər. Onlar mədəniyyətlər arasında ünsiyyət qurmağı, yetkinliklə problemlərin öhdəsindən gəlməyi və tanımadığı təcrübələrə açıq olmağı öyrənməlidirlər. Demək olar ki, biz akademik hazırlıqla yanaşı, tədris ili ərzində onlara bu bacarıqları təmin etməyə çalışırıq. Mən deyərdim ki, bu asan bir məsələ deyil. Tələbələr bizə nə qədər yaxşı hazırlıqlı gəlirlərsə, bizim işimiz o qədər uğurlu olur. Burada valideynlərin və məktəblərin böyük rolu var. Tələbələri mübadilə proqramlarında, mədəni seminarlarda iştirak etməyə həvəsləndirmək, hətta onlara sadə həyat bacarıqları, məsələn, yemək bişirməyi, büdcə qurmağı və stressi idarə etməyi öyrətmək lazımdır. Onlar nə qədər hazırlıqlı olsalar, xaricdəki yeni həyatlarında bir o qədər çox uğur qazana biləcəklər. Qısaca, xaricdə təhsil sadəcə təcrübə deyil, bir transformasiyadır..

Proqramı uğurla başa vuran tələbələrə diplomlar Böyük Britaniyadan gəlir və...

- Bir qədər mərkəz haqqında məlumat verərdiniz...

- University Foundation Courses (UFC) - Birləşmiş Krallıq tərəfindən akkreditasiyadan keçmiş Beynəlxalq Foundation Proqramını həyata keçirən Azərbaycandakı ilk təhsil mərkəzidir. Mərkəzimiz 2014-cü ildən fəaliyyət göstərir və bu il artıq 11-ci ilimizdir. 11 il ərzində azərbaycanlı tələbələrə xaricdə təhsil almaq üçün ən yaxşı imkanları təqdim etdiyimizə görə qürur duyuruq. Biz bir neçə dəfə “Xaricdə Təhsil” nominasiyası üzrə mükafatlandırılmışıq.

 

Hazırda mərkəzdə 3 Beynəlxalq Foundation proqramı var. 11 il əvvəl bu proqramdan danışanda çoxları onun nə olduğunu belə bilmirdilər. İlk Foundation proqramımız Beynəlxalq Britaniya Foundation Proqramı oldu. Belə bir proqramın olduğunu bilən Fransa səfirliyi bizə Fransa departamentinin açılmasını da təklif etdi ki, biz elə həmin il Fransa səfirliyinin sifarişi ilə fransız departamentini, iki ildən sonra isə alman bölməsini açdıq. Bu illər ərzində biz Böyük Britaniyanın müxtəlif kollecləri tərəfindən akkreditasiyadan keçərək Azərbaycanda onların rəsmi proqramlarını təklif etmək imkanı əldə etmişik. Tələbələrimizə 12 illik hazırlıq proqramı — University Foundation Programme (UFP) təqdim edirik. Ən son tərəfdaşımız isə London College of Professional Studies (LCPS) olub və bu tədris müəssisəsinin akkreditasiyasını da əldə etmişik. 

UFC təhsil mərkəzinin məqsədi tələbələrə yalnız xarici dilləri öyrətmək deyil, həm də onları universitetlərə hazırlayan Beynəlxalq Foundation Proqramı ilə təmin etməkdir. Beynəlxalq Foundation Proqramı (IUFP) xarici ölkələrdə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulmuş təhsil proqramıdır. Tədris ili boyunca şagirdlər yalnız dil biliklərini inkişaf etdirmir, eyni zamanda gələcək ixtisaslarına uyğun fənləri - psixologiya, hüquq, incəsənət, kompüter texnologiyaları və s öyrənirlər.

Proqramı uğurla başa vuran tələbələrə diplomlar Böyük Britaniyadan gəlir və ayrı-ayrı universitetlərin müraciəti və seçim prosesinə uyğun olaraq bakalavr dərəcəsi proqramlarına keçmək hüququ verilir. Eyni zamanda, vurğulamaq istərdim ki, IUFP LCPS vasitəsilə təklif olunan Böyük Britaniyanın Ofqual qurumu tərəfindən tanınan diplomla dastəklənir. Bizim mərkəz tələbələrə unikal bir imkan təqdim edir

- Sizin əsas üstünlüyünüz nədir?

- Bilirsiniz, bir çox ölkələrdə universitetlərə qəbul olunmaq üçün tələbələr ya IB (International Baccalaureate), ya da A-Level proqramlarından birini bitirməlidirlər. Əgər bu proqramlardan heç biri üzrə təhsil almırlarsa və adi proqramla oxuyurlarsa, o zaman mütləq Beynəlxalq Foundation Proqramını başa vurmalıdırlar. Lakin bu proqramı başqa ölkədə oxumaq çox baha başa gəlir, çünki yalnız təhsil haqqı deyil, həm də yaşayış, yataqxana və digər gündəlik xərclər əlavə olunur. Bundan əlavə, bir il əlavə itirilir. Məhz bu səbəbdən bizim mərkəz tələbələrə unikal bir imkan təqdim edir: onlar başqa ölkəyə getmədən və ən əsası əlavə bir il itirmədən, 11-ci siniflə paralel olaraq dərslərimizə qoşula bilərlər. Bu proqram, tələbələri xüsusi olaraq seçilmiş sahəyə (məsələn, biznes, mühəndislik, hüquq və ya tibb) hazırlamaq üçün nəzərdə tutulub, ona görə də daha praktik və aktualdır. Tələbələr IB və ya A-Level kimi geniş fənləri öyrənmək məcburiyyətində deyillər, onlar yalnız ixtisasları üçün vacib olan fənlərə diqqət yetirirlər. Tədris ilinin sonunda isə Böyük Britaniya tərəfindən akkreditə olunmuş Beynəlxalq Foundation diplomu əldə edərək birbaşa universitetlərə qəbul imkanı qazanırlar.

Ən vacib üstünlüyümüz odur ki, hər bir tələbəyə fərdi yanaşırıq. Məsələn, tələbə və valideyn bizə gələn ilk konsultasiyada tələbənin akademik göstəricilərinə baxırıq və onu düzgün dəyərləndiririk. Artıq bilirik ki, tələbə ilə hansı sahələrdə işləyə bilərik, hansı universitetlərə, ölkələrə müraciət etməyimiz məqsədəuyğundur və dosyeni təkmilləşdirmək üçün daha nələr edə bilərik. Biz Fransız Foundation Proqramını açanda insanlar bilmirdi ki, Fransada təhsil tamamilə pulsuz ola bilər. Bu mərkəzi Fransanın səfirliyi ilə əməkdaşlıq edərək açdıq və bu gün də tələbələrimiz Fransada, hətta doktorantura səviyyəsində tamamilə pulsuz təhsil alırlar. Fransız və Alman Foundation proqramlarımızın digər üstünlüyü ondan ibarətdir ki, biz tələbələrə gələcək ixtisasları üzrə mövcud fənlər üzrə ilkin bilikləri veririk: riyaziyyat, fizika, kimya, hüquq və s.

- Reyhan xanım, oxucular üçün maraqlı olar: tam olaraq hansı xidmətləri təqdim edirsiniz?

- Daha öncə bildirdiyim kimi, bizdə xidmətlər çoxdur. Üç Beynəlxalq Foundation Proqramı (Britaniya, Fransız və Alman), xaricdə təhsil xidməti, aşbazlıq məktəblərinə müraciət — bizim dəstəyimizlə yola çıxan tələbələrimiz Fransanın ən nüfuzlu kulinariya məktəblərindən Lycée d'Hôtellerie et de Tourisme Saint-Quentin-en-Yvelines-də və Lycée d'Hôtellerie DİNARD-da təhsil alıb və sonra dünyanın ən prestijli kulinariya məktəbləri olan L’Institut Lyfe-i (ex Institut Paul Bocuse) və L'Ecole Ducasse-ni bitirir və Fransanın ən yaxşı restoranlarında peşəkar aşpaz kimi çalışırlar. Həmçinin dil kursları (İngilis, Fransız, Alman, İspan, İtalyan), beynəlxalq imtahanlara hazırlıq, xarici universitetlərin daxili imtahanına hazırlıq, müsahibə hazırlıqları, Böyük Britaniya və ABŞ məktəblərinə qəbul, pilotlar üçün ingilis dili və s. 

Təcrübə və fərdi yanaşma sayəsində istedadlı gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanları artır

- Mərkəz istedadlı gənclərə ölkə daxilində və xaricdə təhsildə təqaüd proqramlarına müraciətlərinə kömək edirmi?

 

- Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri tələbə və gənc mütəxəssislərə akademik təqaüdlərə müraciət prosesində dəstək göstərməkdir. Mərkəz həm ölkədaxili təqaüdü, həm də dünyanın aparıcı universitetləri və dövlət qurumları tərəfindən təqdim olunan beynəlxalq təqaüdlər üzrə sənədlərin hazırlanmasında və müraciətlərin göndərilməsində iştirak edir. Mütəxəssislərimiz gənclərə uyğun proqramların seçimində, motivasiya məktublarının hazırlanmasında, tələb olunan sənədlərin toplanmasında və müraciətlərin vaxtında təqdim olunmasında yaxından dəstək göstərirlər. Təcrübə və fərdi yanaşma sayəsində Azərbaycanın istedadlı gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanları artır.

Bizim tələbələr ən keyfiyyətli universitetlərdə təhsil alırlar

- Bəs məzun olan tələbələrin qəbul faizi nə qədərdir?

- Bunu tam əminliklə deyə bilərəm ki, 100 faizdir. Bir daha bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizim əsas üstünlüyümüz fərdi yanaşmadır. Bütün abituriyentlərimizə universitetlər yalnız fərdi şəkildə təklif olunur, sadəcə tanınmış adlara əsasən yox. Biz yalnız tələbənin potensialına və ailəsinin büdcəsinə uyğun variantları təklif edirik. Hər bir tələbənin göstəricilərinə əsaslanaraq, ona uyğun universitet seçimi edirik. Eyni zamanda, müraciət etdiyimiz universitetlər o cür seçilir ki, tələbələr ölkələrinə qayıtdıqda akkreditasiyada hər hansı bir problem yaşamasınlar. Əsas məqsəd təkcə qəbul olunmaq deyil, həm də keyfiyyətli və düzgün təhsil verən universitetləri seçməkdir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bizim tələbələr ən keyfiyyətli universitetlərdə təhsil alırlar.

- Son məzunlarınız hansı universitetlərə qəbul olunublar?

- Deyə bilərəm ki, təkcə keçən il 59 məzunumuz oldu: 45 bakalavr, 14 magistr. Hər biri müxtəlif ölkələrin ən yaxşı universitetlərinə qəbul olunub. İngilis Foundation Proqramı üzrə 3 tələbəmiz Qlazqo Universitetinə, Birmingem Universitetinə, Aberdin Universitetinə dövlət təqaüdü qazandı. Hər il maraqlı uğur hekayələri olan məzunlarımız olur. Keçən il onlardan biri Şəkidən gələn Nihad Əliyev idi. Hazırda Strasburq Universitetində təhsil alır. Birinci semestrini 160 tələbə arasında ilk onluqda tamamlayıb. Həmçinin daha 3 tələbəmiz Erasmus Universitetinə təqaüdlə qəbul olunub. Aerokosmik mühəndislik sahəsində isə Cahan Hüseynova adlı tələbəmiz Almaniyanın ən yaxşı universitetlərindən biri TUM Universitetinə qəbul olunub. Tələbələrimiz University of California, University of Manchester, King’s College London, UCL, University of Geneva, Université Paris Panthéon-Assas, Université Rennes, University of Pavia, KU Leuven, University of Lugano, University of Europe for Applied Sciences və digər universitetlərə qəbul olunublar.

Biz hətta Avstraliyadan da magistratura səviyyəsi üzrə qəbul almışıq

- Ən çox hansı ölkələrə qəbul prosesi həyata keçirilir?

- Tələbələrimizin ən çox üstünlük verdikləri ölkələr Böyük Britaniya, ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya, İsveçrə, Belçika, Niderland, Avstriya, Polşa, Çexiya, Latviya, Litva, Çindir. Biz hətta Avstraliyadan da magistratura səviyyəsi üzrə qəbul almışıq. Bu bizim üçün yeni təcrübə idi və nəticə uğurlu oldu. Tələbələrimiz demək olar ki, müxtəlif qitələrdə oxuyurlar. Biz bəzən yeni qəbul olunan tələbələri əvvəlkilərlə tanış edirik ki, bir-birinə kömək etsinlər. Orada dostluq qururlar və faydalı məlumatlar paylaşırlar. Artıq bir UFC ailəsi mövcuddur.

 - Niyə xaricdə təhsil almağı düşünənlər məhz sizin mərkəzi seçir?

- Hər bir tələbəmizə valideynləri qədər qayğı ilə yanaşırıq. Hər il məzun gecələri təşkil edirik, neçə tələbənin hansı universitetlərə, hansı təqaüdlərlə qəbul olduğunu nümayiş etdiririk. Tədbirlərimizdə ölkənin ən nüfuzlu şəxsləri, diplomatlar və təhsil sahəsində uğur qazananlar iştirak edirlər. Ən güclü reklamımız məzunlarımızdır. Valideynlər, məktəb direktorları, hər kəs öz potensial tələbələrini bizə yönləndirir. Bu, bizə olan etimadın sübutudur. Bunu illərlə, əməklə və keyfiyyətli xidmətlə qazanmışıq.

Orxan Vahidoğlu, “İki sahil”