Hər bir millətin formalaşmasında, inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin gələcəyi deməkdir.
44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Bütün dünya gördü ki, xalqımız qəhrəmanlar yetişdirib və ədalətin bərpası üçün əlindən gələni edir. Qeyd edim ki, 44 günlük Vətən çüharibəsi zamanı gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər.
Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb. Bununla bağlı siyasi iradə ortadadır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev vətənpərvərlik, milli mənəvi, mədəni və ailə dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman deyir ki, gənclərimiz inkişaf etməli, yenilikçi, yaradıcı olmalı, daim irəli getməlidir. Lakin milli ruhu, dəyəri heç zaman unutmamalıdır. Bu gün gənclərimiz daha aktiv olmalı, Azərbaycanı daha yüksək səviyyədə tanıtmalı, onun tarixini, mədəniyyətini təbliğ etməlidirlər. Biz isə onlara dəstək olmalı, həyata keçirmək istədikləri layihələrin reallaşmasına yardım göstərməliyik.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.
Gənclər xalqımızın ən böyük və qiymətli sərvətidir. Bizim borcumuz bu sərvəti qorumaqdır. Ümummilli Liderin sözləri ilə desək, “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.
İltizam Yusifov,
Milli Məclisin deputatı