Gəncliyin seçimi bəllidir

Xətai rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xətai rayonunda ilk dəfə səs verəcək gənclərlə ə görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Asif Əsgərov, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Cəlal İbrahimov və Ruslan Qasımov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ölkədə keçirilən hər bir seçki prosesi mövcud ab-havanın təqdimatıdır. 7 fevral tarixində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır. Müasir tariximizin zəfər səhifələri gənclərimizin Vətən sevgisini, dövlətinə və xalqına bağlılığını nümayiş etdirib. Gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışları sırasındadır.

Natiqlər qeyd ediblər ki, ilk dəfə səsvermə prosesinə qatılacaq gənclərimiz öz seçki hüquqlarından istifadə edərək Azərbaycanı daim zirvələrə aparan, bütün dünyaya qalib ölkə kimi tanıdan cənab İlham Əliyevə səs verərək uğurlu gələcəklərini təmin edəcəklər.

Gənclər səsvermə prosesində fəallıqlarını Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməklə təsdiqləyəcəklərini bildiriblər.