Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Son illər Azərbaycanın gömrük sistemində şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, qanuni ticarətin asanlaşması və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə  gömrük prosedurlarının rəqəmsallaşdırılması və ixracyönümlü istehsalın dəstəklənməsi, məhsul diversifikasiyasının təmin edilməsi üçün bu gün də vacib addımlar atılır. Xarici ticarətin sürətli həyata keçirilməsi üçün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində gömrük prosedurlarını həyata keçirən qurumlarda infrastruktur yaxşılaşdırılıb.

"Yaşıl dəhliz"in üstünlükləri

Cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin sonunda imzalanmış müvafiq fərmana əsasən, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinə başlanıldıqdan sonra ölkəmizin biznes sektoruna gömrüyün nəzarət fəlsəfəsi əsaslı şəkildə dəyişdi. Biznes subyektləri ilə gömrük sistemi arasındakı əlaqələrin daha şəffaf müstəvidə qurulması nəticəsində idxal-ixrac prosedurunun sürəti və həcmi artdı. "Yaşıl dəhliz" sistemi işə düşəndən sonra məhsullar terminallarda saxlanılmadan birbaşa  anbarlara göndərildi ki, bu da milyonlarla vəsaitə qənaət edilməsi deməkdir. Gömrük əməkdaşı ilə təmas aradan qaldırıldı, yüklərin boşaldılması səlahiyyəti bilavasitə "Yaşıl dəhliz" iştirakçılarına verildi.  "Yaşıl dəhliz"in tətbiqinin müsbət nəticələri ixracda da özünü göstərir. Xüsusilə də, kənd təsərrüfatı və yeyinti məhsulları "Yaşıl dəhliz" sistemi ilə ixrac olunur. Tez xarab olduqları nəzərə alınaraq bu məhsulların gömrük rəsmiləşdirilməsi bir neçə dəqiqədə mümkün olur. Bəyannamələr sahibkarın ofisindən doldurularaq elektron formatda gömrük orqanına təqdim olunur. Risklərin idarəolunması sistemi tərəfindən uyğunsuzluq aşkar edilmədiyi təqdirdə dərhal gömrük rəsmiləşdirilməsi başa çatır.

Ölkədə yaşıl iqtisadiyyata keçid üçün gömrük sahəsində islahatlar aparılıb. Bu islahatlar sahəsində 2023-cü ildə 2021-ci illə müqayisədə elektromobil idxalı 20 dəfə artıb.

Həmçinin "BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasına (BYD konvensiyası, 1975) uyğun olaraq artıq bir neçə ildir ki, məlumatlar əvvəlcədən TIR EPD sistemi vasitəsilə təqdim edilir. Bu sistemin tətbiqi həm ilkin məlumat mübadiləsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını, qeydiyyatı, mal və nəqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi təmin edir.

Gömrük İNKİŞAF modeli

Gömrük xidməti öz vəzifələrini sürətlə və keyfiyyətlə icra etmək üçün "Gömrük İNKİŞAF modeli"nin imkanlarından istifadə edir. İNKİŞAF modelinin məqsədi gömrük xidmətində yeniliklər tətbiq etməklə, keyfiyyətə diqqət yetirmək,  vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir.

"Gömrük İNKİŞAF modeli" 7 əsas komponentdən ibarətdir:

İstiqamət - bu komponent düzgün istiqamətdə hərəkəti ifadə edir. Belə ki, İNKİŞAFA doğru aparan ən düzgün, optimal və qısa yolların müəyyən edilməsi nəticədə əldə edilmiş həllərin və nailiyyətlərin cəmiyyətin sosial sifarişinə əsaslanan prioritet məsələlərin müəyyən edilməsinə köməklik göstərir.

Novator - bu komponent müasir dövrün tələblərinə uyğun yüksək texnologiya məhsullarının ən son nailiyyətlərinin tətbiqi ilə ərsəyə gələn alətlərin və mexanizmlərin geniş şəkildə gömrük sistemində istifadəsi ilə tamamilə yeni həllərin hazırlanmasını ifadə edir.

Keyfiyyət - bu komponent tətbiqinə başlanılmış layihələrin kəmiyyət göstəricilərini istisna edərək daha çox keyfiyyət göstəricilərinə fokuslanaraq təkmilləşdirilməsini əks etdirir.

İşgüzar - bu komponent komanda ruhunu, dürüstlüyü və  nəticəyönümlü  fəaliyyəti təşviq edən, karyera yüksəlişi üçün motivasiya parametrlərini müəyyən edən, əməyin göstəricilərlə qiymətləndirilməsinə imkan verən insan resurslarının cəlb edilməsini özündə birləşdirir.

Şəffaf - bu komponent həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətin göstərilməsini səciyyələndirir.

Asan - bu komponent vətəndaşlar və biznes subyektləri üçün istifadəçi yönümlü, rahat və vaxt itkisinə səbəb olmayan həll və alətlərin tətbiqinə başlanılmasını ifadə edir.

Faydalı - bu komponent vətəndaşlar və biznes subyektləri üçün özünüdoğruldan və nəticəyönümlü həll və alətlərin hazırlanaraq istifadəyə verilməsini səciyyələndirir.

Gömrük ödənişlərinin büdcədəki payı

Aparılan islahatlar nəticəsində 2012-2022-ci illər ərzində gömrük ödənişlərinin büdcədəki payı nəzərəçarpacaq qədər artıb. 2012-ci ildə gömrük ödənişləri büdcə gəlirlərinin 6,7 faizini təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 18,46 faizə qədər yüksəlib.

2024-cü ilin dövlət büdcəsinin gəlirlərində 3 fiskal mənbə - vergi, gömrük və neft transfertləri başlıca yığımları təşkil edəcək. Büdcə gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 282,5 milyon manat və yaxud 1,2 faiz çoxdur. 2024-cü ildə büdcəyə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 5,9 milyard manat nəzərdə tutulub, bu, cari ilin yığımları ilə müqayisədə ən azı 200 milyon manat artım deməkdir.

2024-cü ildə büdcədə vergi gəlirləri üzrə siyasətin əsas istiqamətləri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasıdır. Bu sırada həm fiziki şəxslərin, həm də sahibkarlıq subyektlərinin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalar üzrə güzəştlərin həcminin artırılması nəzərdə tutulur. Eləcə də vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi bu siyasətə daxildir. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı çıxış edərək bildirib ki, Azərbaycanda gömrük tarif dərəcərlərində artımlar baş vermir: "Əksinə ölkədə aparılan iqtisadi siyasət ondan ibarətdir ki, tarif dərəcələrində azaldılma tendensiyası baş verir. Bu da istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir. Bu konteksdə gömrük orqanları növbəti il üçün 5 milyard 900 milyon manatlıq büdcə daxilolmalarını təmin edilməsinə çalışılacaq. Bu hesablamalar idxal həcmlərindən asılı olaraq baş verir. Hazırda Azərbaycanda gömrük xidmətində gömrük dəyərləndirməsi Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun olaraq metodika əsasında müəyyən edilib və bu sistem əsasında düzgün idarəetmə və ölkəmizə daxil olan yüklərin düzgün dəyərinin müəyyən edilməsi nəticəsində daxilolmaların təmin olunması üçün zəruri işləri görəcəyik. Növbəti ildə fəaliyyətimiz nəticəsində büdcə daxilolmaları təmin ediləcək".

Təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalı

Digər vacib məqam; Azərbaycan hökuməti 2030-cu ilə qədər avtomobil parkının ən azı 30-40 faizini müasirləşdirməyi, yəni köhnə avtomobillərin istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılmasını hədəf seçib. Ölkəyə daha təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalına üstünlük verilməsi nəzərdə tutulur. Bu siyasətə uyğun olaraq yeni nəsil ekoloji təhlükəsiz avtomobillərin vergi-gömrük güzəştləri ilə əhatə olunması nəzərdə tutulur. İndiyə qədər hökumət bu istiqamətdə bəzi güzəştlər edib.  Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli 411 nömrəli qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərriki ilə işləyən minik avtomobillərinin idxal-gömrük rüsum dərəcəsi 0%-ə endirilib. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.41-2-ci maddəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib, idxal gömrük rüsumu 0 %-ə endirilib. Nəticədə həyata keçirilən stimullaşdırma və təşviq tədbirləri həmin tipli avtomobillərin ölkəyə idxalının artmasına səbəb olub. Belə ki, 2021-ci ildə elektrik mühərrikli minik avtomobillərinin sayı 160-dan 2022-ci ildə 486-a çatıb. Hibrid mühərrikli minik avtomobilinin idxalı isə daha çox artıb. 2021-ci ildə onların sayı 805 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 3500-ə çatıb.  Qarşıdakı illərdə buraxlış ilinin 10 ildən də aşağıya qədər endirilməsi nəzərdə tutulur, ancaq bunun əvəzində elektro və hibrid avtomobillərin daha sərfəli və əlçatan idxalına şərait yaradılması məqsədilə gömrük və vergi güzəştlərinin tətbiqi də artırılacaqdır. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda ölkədə "Avro-5", "Avro-6" standartlarına cavab verən maşınlara xüsusi üstünlük verilməsi və onların idxalında vergi və gömrük rüsumlarının azad olunması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə və Dövlət Gömrük Komitəsinə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" modelinin qurulması və bu məqsədlə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub.

Gömrük Komitəsi bu istiqamətdə təhlillər apararaq yaxın illərdə maşın parkının daha da gəncləşdirilməsi üçün istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin idxalına əlavə güzəştlərin olunmasını istisna etmir. Belə ki, 3 il güzəşt müddətinin daha da artırılması, ƏDV, idxal və satışlar üzrə rüsumların əhatəsinin genişləndirilməsi nəzərdən keçiriləcək.

Kadrların bilik və bacarıqlarının artırılması

Dövlət Gömrük Komitəsi könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq gənclərin potensialını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə proqramlarını davam etdirir. Proqrama uyğun olaraq Dövlət Gömrük Komitəsində yaradılan  "Könüllü gömrükçü" dəstəsinin fəal üzvləri işə cəlb olunaraq gələcək fəaliyyətləri üçün təcrübə qazanıblar. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması üçün Dövlət Gömrük Komitəsi mütəmadi olaraq imtahanlar, təlimatlar keçirir.

2014-cü ildə Gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı gömrük əməkdaşlarının bilik səviyyələri öyrənilib.

Sumqayıt Gömrük İdarəsində xidmət edən gömrük əməkdaşlarının Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış yeni layihələrin, metodiki tövsiyələrin, texnoloji sxemlərin və qəbul edilmiş hüquqi aktların dərindən öyrənilməsi, düzgün tətbiq edilməsi istiqamətində bilik səviyyələri öyrənilib. Onların gömrük orqanlarına bəyan edilmiş malların dəyərinin düzgün müəyyən edilməsinin araşdırılması, ona düzəlişlərin edilməsi, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) əsasında əməliyyatların aparılması, gömrük orqanları tərəfindən malların mənşə ölkəsinə nəzarətin həyata keçirilməsi, "Gömrük İnkişaf Modeli" və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları üzrə bilikləri yoxlanılıb.  

Son yeniliklər

Statistik rəqəmlərə keçmədən öncə gömrük sistemində hər kəsin yararlandığı bir xidmətə diqqət yetirək. İndi hər birimiz evimizdə, ofisimizdə əyləşərək telefonla xarici ölkədən istənilən mal-məhsul sifarişi edə bilirik. Sifarişlərimizi, ödənişləri, gömrük bəyannaməsini mobil telefon vasitəsilə edirik və məhsul qısa zaman kəsiyində istədiyimiz poçt ünvanına gətirilir. Hətta coğrafi baxımdan bizdən çox-çox uzaqda olan ölkələrdən avtomobil və digər mal və məhsulları sifariş edib asanlıqla ölkəmizə gətirə bilirik. Bütün bunlar gömrük xidmətlərində aparılan kompleks islahatların nəticəsində mümkün olub.

Digər yeniliyə diqqət edək; Bu il fevralın 29-da Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Eyni gündə xarici ticarət iştirakçıları üçün digər görüş "Poçt və ekspres daşımalar" gömrük postunda keçirilib. Hər iki görüşdə gömrük sistemində tətbiq olunan yeni layihələr, eləcə də vətəndaş, sahibkar məmnuniyyətinin, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Gömrük İnkişaf Modelli, "Smart-Bot" mobil tətbiqi, "Avtomatlaşdırılmış Risk Analiz Sistemi" və bu sistemin sərhəd modulu, "Səlahiyyətli İqtisadi Operator" layihələrinin təqdimatı keçirilib, həmçinin "Malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən XİF MN Tövsiyə sistemi" barədə iştirakçılar məlumatlandırılıb. Həmçinin görüşdə Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SIO) layihələrinə dair informasiya verilib, sahibkarlar "Smart-Bot" mobil tətbiqi və Gömrük İnkişaf Modeli barədə bilgi verilib.

Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Bu günlərdə Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları üçün Hökumət Ödəniş Portalına alternativ olacaq ödəniş əməliyyatı tətbiq edib. Xarici ticarət iştirakçıları yanvardan fəaliyyətini dayandırmış Portal üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını "Elektron hesab səhifəsi"ndə və "Elektron gömrük ödənişləri xidməti"ndə yeni yaradılan "Avans ödənişləri" altbölməsi vasitəsi ilə reallaşdıra biləcəklər. Tətbiq edilən yenilik bütün ödəniş əməliyyatlarının müxtəlif banklara müraciət etmədən vahid məkandan həyata keçirilməsinə, vaxt itkisinin qarşısının alınmasına şərait yaradacaq. Xarici ticarət iştirakçıları "Avans ödənişləri" üzərindən şəxsi hesablarına vəsait əlavə etməklə bütün növ gömrük borclarını ödəyə biləcəklər.

Gömrük Komitəsinin sədri cənab Şahin Bağırovun qeyd etdiyi kimi, hazırda dövlət rəhbərinin tapşırığına uyğun olaraq gömrük xidmətinin çevik peşəkar və modern dövlət qulluğuna çevrilməsi qarşıda duran əsas məsələdir. Gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi və sahibkarlıq subyektləri ilə vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, həmçinin gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, daha güclü müasir tədbirlərin həyata keçirilməsi strateji hədəflərdir. Xüsusilə qeyd etmək lazımdır ki,  xarici ticarət və biznesin idarə olunmasında mühüm rol oynayan bir neçə alət istifadəyə verilib. Gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşviq edilməsi və bunun kimi vacib alətlər artıq istifadədədir. Eyni zamanda, yeni alətlər üzərində də müvafiq işlər həyata keçirilir.

Hafiz Əzəmmədov

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini