Göyçayda 9 kəndi birləşdirən yolların təmiri yekunlaşıb - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub. 
 
AAYDA-dan Sabahinfo.az-a verilən məlumata görə, uzunluğu 42.35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib.
 
Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunaraq yeni yataq inşa edilib. Sözügedən işlər yekunlaşdıqdan sonra yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunub.
 
Yol boyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də aparılıb.
 
Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində 39.6 metr uzunluğa malik yeni avtomobil körpüsü də inşa olunub. 
 
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub və yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
 
Avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.