Güc və imkanlarımızın inikası

Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və ağır nəticələri ilk anlardan dövlətimizin xüsusi diqqətindədir. Məlumdur ki, möhtərəm Prezident faciə ilə əlaqədar MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün Rusiya Federasiyasına etdiyi səfərini yarımçıq qoyaraq ölkəyə dönmüş, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Aktau şəhərində təyyarənin qəzaya uğraması ilə bağlı müşavirə keçirmiş, dövlət başçısının Sərəncamı ilə Baş nazirin rəhbərliyi altında qəzanın səbəblərinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün dövlət komissiyası yaradılmış və dekabrın 26-sı ölkədə bir günlük matəm elan edilmişdir. Bildiyiniz kimi, aidiyyəti dövlət komissiyası hazırda tam gücü ilə fəaliyyətdədir və dövlətimizin və vətəndaşlarımızın maraq və mənafelərinin hərtərəfli müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Faciə ilə əlaqədar istintaqın nəticələri hələ elan olunmasa da, istər hadisə baş verərkən çəkilən videokadrlar, istərsə də hava gəmisinin qalıqları üzərindəki izlər təyyarənin vurulduğunu fakt olaraq sübut edir. İndiki məqamda şimal qonşumuz informasiya maşınını səfərbər edərək məsələnin mahiyyətini ört-basdır etməyə çalışmaqdansa, təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməli və bu məsələdə beynəlxalq hüququ və qonşuluq münasibətlərini rəhbər tutaraq davranmalıdır. Bildiyiniz kimi, Vətən müharibəsi dövründə Azərbaycan tərəfi gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiya helikopterini vurduqdan sonra cənab İlham Əliyev Rusiya Federasiyası Prezidentinə zəng edərək dövlətimiz adına üzrxahlığını çatdıraraq hadisənin araşdırılması və şimal qonşumuza vurulan zərərə görə kompensasiyanın ödənilməsini dərhal təmin etdi. Amma, təəssüflər olsun ki, Rusiya tərəfi hələ ki məsələnin ört-basdır edilməsi və bu istiqamətdə çoxsaylı əsassız versiyaları, o cümlədən təyyarədə balonun partlaması, yaxud hava gəmisinin quşlarla toqquşması kimi "səbəblər" tirajlamaqdadır. Təbii ki, biz şimal qonşumuzun bu davranışlarından çox narazıyıq və istər təyyarənin vurulması, istərsə bu istiqamətdə bilərəkdən dövriyyəyə yanlış versiyaların daxil edilməsini doğru hesab etmirik. Eyni zamanda təyyarənin səhvən vurulmasından sonra onun enişinə şərait yaratmamaq, mümkün olduğu halda insanların xilasından imtina etmək və təyyarədə olan insanların bilərəkdən ölümə göndərilməsi qeyri-insani davranış və yolverilməz cinayətdir. Heç şübhəsiz ki, Azərbaycan bütün imkanlarından və resurslarından istifadə edərək həqiqəti sübut edəcək, öz vətəndaşlarımız daxil olmaqla, həlak olanların mənsub olduğu bütün ölkələrdə həqiqətin üzə çıxması və ədalətin bərqərar olunmasını gözləyən insanların ümidlərini doğruldacaq.

Digər tərəfdən,  təəssüflə müşahidə etməkdəyik ki, Azərbaycanın artan güc və imkanları qarşısında aciz duruma düşən ayrı-ayrı subyektlər və onların Azərbaycandakı uzantıları Bakı-Qroznı təyyarəsində yaşanan faciəni fürsətə çevirərək ölkəmiz əleyhinə istifadə etməyə cəhd göstərirlər. Xüsusən təyyarə qəzasını Azərbaycan Respublikasının quru sərhədlərinin müvəqqəti olaraq vətəndaşların gediş-gəlişi üçün bağlı qalması ilə əlaqələndirməyə, bu prosesdə qeyri-sağlam məntiqə əsaslanan tezislər tirajlamağa çalışırlar. Məlumdur ki, VII çağırış Milli Məclisin ilk iclasındakı tarixi nitqində Prezident İlham Əliyev bəyan etmişdi ki, quru sərhədlərimizin vətəndaşların gediş-gəlişi üçün hələ də bağlı qalması müəyyən çətinliklər yaratsa da, bugünkü geosiyasi vəziyyətdə daxili təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır. Həqiqətən də, qütblərarası ziddiyyətin dərinləşməsi fonunda dəyişməz reallıqdır ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesi sürətlə davam edir. Özlüyündə mürəkkəb bölgə olan Cənubi Qafqazı gərginlik ocağına çevirmək niyyəti qarşısında əsas sədd kimi isə Azərbaycan Respublikası və cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr çıxış etməkdədir. Nəticədə, dörd bir yanımızda qanlı toqquşmalar yaşandığı halda, Cənubi Qafqaz qütblərin toqquşma platformasına çevrilmir. Xalq-iqtidar birliyi dövlətimizin iqtisadi-siyasi cəhətdən tam suverenliyi, enerji müstəqilliyimiz, ələlxüsus Qarabağ Zəfərindən sonra artan imkanları Azərbaycan Respublikasına bölgədə öz gündəliyini diktə etməyə, regionda həyata keçirilməsinə cəhd olunan təcavüzkar planlara qarşı qəti mövqe sərgiləməyə və bu prosesdən qalib kimi çıxmağa, nəticədə Azərbaycana regionda sabitləşdirici faktor kimi hərəkət etməyə imkan verir. Təsadüfi deyil ki, möhtərəm Prezidentin ötən ilin 10 may tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa Şuşadan müraciətində də qeyd etdiyi kimi, "dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan isə sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir". Azərbaycanın sabitlik adası kimi mövqeyinin qorunması bir daha göstərməkdədir ki, dövlətimizin quru sərhədləri ilə bağlı yanaşması birmənalı şəkildə zərurətdən doğur və eyni zamanda bizim güc və imkanlarımızın inikasıdır. Təbii ki, bütün təhdidlərə adekvat reaksiya qabiliyyətinə malik qüdrətli Azərbaycan bölgədə qeyri-adekvat maraqları olan güclər üçün arzuolunan deyil.

Bu il fevralın 14-də andiçmə mərasimindəki tarixi çıxışında cənab İlham Əliyevin də ifadə etdiyi kimi, "biz, İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatları zamanı, mən artıq bunu demişdim, sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar. Biz bunu bilməliyik, əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir". Bu mənada, özünü qlobal ombudsman kimi aparmağa cəhd edən güclərin ölkəmizin artan imkanları fonunda bizdən əl çəkməyəcəkləri aydın idi. Təəccüblü deyil ki, dünya bazarında neftin ucuzlaşmasına və bununla da ölkənin iqtisadi qabiliyyətinin zərər görməsinə, yaxud Vətən müharibəsi və antiterror tədbirlərində, eləcə də aralıq əməliyyatlarda şəhid xəbərlərinə sevinən zehniyyət bu faciə fonunda da danışmağa söz tapdıqları üçün sevinc içindədirlər. Artıq iki gündür ki, antimilli ünsürlər və onların trolları faciəni quru sərhədlərin bağlı qalması ilə əsaslandıraraq dövlətin özünü doğrultmuş təhlükəsizlik konsepsiyasını zədələməyə çalışırlar, çünki yaxşı başa düşürlər ki, nə qədər ki Azərbaycan güclüdür, nə qədər ki milli iradə hakimiyyətdədir, bunlar kimi kənardan idarə olunan marionetlərə dövlətin idarəçiliyində və cəmiyyətin siyasi həyatında yer yoxdur. Əslində bu ünsürlər üçün nə vətəndaş, nə də faciənin o qədər də önəmi yoxdur, bu qruplar üçün önəmi olan xaricdən aldıqları tezislər əsasında dövlətin müdafiə və təhlükəsizlik qabiliyyətini zəiflətməyə çalışmaq və bu məqsədlə faciə qurbanları üzərindən onları öz çirkin niyyətlərinə alət etməklə oyun qurmaqdır ki, nə qüdrətli dövlətimiz, nə də müdrik Azərbaycan xalqı, təbii ki, buna imkan verməyəcək. Əvvəldə də qeyd etdiyimiz kimi, təyyarə qəzası və faciənin nəticələri ilə bağlı proseslərin gedişatı şəxsən cənab Prezidentin nəzarətindədir.

Cənab İlham Əliyevin özünün də ifadə etdiyi kimi, dövlət başçımız MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa yollanarkən uçuş zamanı aidiyyəti faciə ilə bağlı məlumatı alan kimi səfərini təxirə salaraq Bakıya dönmüş, hələ havada ikən göstəriş verərək Baş nazirin rəhbərliyi ilə müvafiq komissiya yaratmış, eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət yüksək səviyyəli heyəti qəzanın baş verdiyi Aktau şəhərinə ezam etmiş, eləcə də Azərbaycan həkimlərindən ibarət briqadaların Aktauya ezam olunması ilə bağlı göstəriş verilmişdir. Yəni bu gün hər bir vətəndaş əmin ola bilər ki, faciənin səbəbləri araşdırılır və araşdırma nəticəsində gəlinən nəticələrə müvafiq olaraq bütün lazımi tədbirlər görüləcək. Bildiyiniz kimi, hazırda Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və Azərbaycan ictimaiyyəti dövlət başçısının göstərişinə müvafiq olaraq komissiyanın işinin nəticələri, habelə cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılır və məlumatlandırılacaq. Azərbaycan Respublikası cənab İlham Əliyevin liderliyində dövlət maraqlarını və vətəndaşların mənafelərini hansı səviyyədə və hansı səpkidə lazımdırsa, qorumağa qadirdir.

Bəhruz Məhərrəmov 
Milli Məclisin deputatı