Güclü lider-güclü dövlət

Müasir Azərbaycan tarixinin ən parlaq səhifələri Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən Azərbaycan, qısa zaman kəsiyində dövlətçilik baxımından son dərəcə mürəkkəb və ziddiyyətli mərhələdən keçərək öz varlığını qorumaqla kifayətlənməmiş, eyni zamanda möhkəm institusional əsaslara söykənən müasir və dayanıqlı dövlət modelini formalaşdırmağa nail olmuşdur. XXI əsrə artıq sabit siyasi sistemə, güclənən iqtisadi potensiala və müstəqil xarici siyasət kursuna malik ölkə kimi daxil olan Azərbaycan bu gün regional proseslərə təsir göstərən, təşəbbüsləri ilə beynəlxalq gündəmdə yer alan etibarlı tərəfdaş kimi tanınır.

Bu inkişaf yolunun əsasını dövlət maraqlarını prioritet hesab edən rasional qərarlar, uzunmüddətli strateji planlaşdırma və cəmiyyətin bütün təbəqələrinin dəstəyinə söykənən idarəetmə fəlsəfəsi təşkil edir. Məhz bu yanaşma Azərbaycanı çətin sınaqlardan çıxararaq müasir dövrdə siyasi çəkisi, iqtisadi dayanıqlığı və artan beynəlxalq nüfuzu ilə seçilən bir dövlətə çevirmişdir. Bu tarixi transformasiyanın mərkəzində isə qətiyyətli siyasi iradə, milli maraqlara söykənən strateji baxış və xalqa arxalanan liderlik dayanır. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu seçkilərin əsas özəlliyi ondan ibarət idi ki, müstəqillik dövründə ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazilərində – o cümlədən Xankəndidə keçirildi.

Prezident İlham Əliyevin məhz Xankəndidə səs verməsi dərin siyasi və simvolik məna daşıyırdı. Dövlət başçısının qeyd etdiyi kimi, bu səs təkcə seçki bülleteni deyil, separatizmin tarixə qovuşmasının təsdiqi idi. Bu fakt Azərbaycan dövlətçiliyinin tam suverenlik mərhələsinə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin seçkilərdə 92,12 faiz səs toplaması xalqın öz liderinə olan etimadının, inamının və siyasi həmrəyliyinin bariz ifadəsi oldu. Seçici fəallığının 76,43 faiz təşkil etməsi isə cəmiyyətin siyasi proseslərdə aktiv iştirakını göstərdi. Prezident İlham Əliyevin liderlik modelinin əsasında Heydər Əliyev siyasi məktəbi dayanır.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində xalqın seçimi sabitliyə, davamlı inkişafa və dövlətçilik xəttinin qorunmasına yönəlmişdi. Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində İlham Əliyevi öz siyasi varisi kimi təqdim etməsi tarixi məsuliyyətin etibarlı əllərə ötürülməsi idi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional əməkdaşlıq formatları Azərbaycanın geosiyasi əhəmiyyətini kəskin şəkildə artırdı. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi kimi layihələr ölkəni Avrasiya enerji və nəqliyyat xəritəsinin mərkəzinə çevirdi.

Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın rifahının yaxşılaşdırılmasını prioritet elan etdi. Minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin mərhələli şəkildə artırılması sosial ədalətin təmin olunmasına xidmət etdi. Azərbaycan Ordusunun gücləndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi isə Prezident İlham Əliyevin siyasi strategiyasının əsas dayaqlarından biri oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu strategiyanın tarixi nəticəsi idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə edilən Qələbə təkcə hərbi deyil, siyasi və mənəvi zəfər idi. Bu gün Prezident İlham Əliyev yalnız qalib sərkərdə deyil, həm də postmünaqişə dövrünün qurucu lideridir. Azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın gələcəyə baxışının real təzahürüdür. Beləliklə, Prezident İlham Əliyev müasir Azərbaycan tarixində Qalib Xalqın Qalib Lideri kimi yer almışdır. Onun fəaliyyəti sübut etdi ki, güclü lider – güclü dövlət deməkdir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı