2020-ci il sentyabrın 27-də Ermənistan dövlətinin yeni təxribatlarına qarşı başladılan Vətən müharibəsi əzəli torpqalarımızn düşmən işğalından azad edilməsi ilə sona çatdı. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun təkcə Azərbaycanımızın deyil, bütün Qafqazın incisi sayılan Şuşanın, Qarabağın işğaldan azad etməsi müasir tariximizin ən böyük qələbəsidir. Biz beynəlxalq hüququn bizə verdiyi hüquqların təmin edilməsinə öz gücümüzlə nail olmuşuq. Biz ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir. Azərbaycan bu ədalətli zəfəri soyqırım törətməklə, qadağan edilmiş silahlardan istifadə edərək kütləvi qırğınlar apararaq, vandalizm və barbarlıqla əldə etmədi. Azərbaycan xalqının yalnız bir hədəfi vardı – 30 ildən artıq davam edən işğala son vermək, dədə-baba yurduna dönmək! Döndük də! Ədalətlə, mədəniyyətlə qurub-yaratmaq, ölmüş, yandırlımış, məhv edilmiş torpaqlarımıza yeni can, nəfəs vermək üçün döndük!
Bu il vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.
Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və delimitasiya prosesinin davam etdirilməsi isə regionumuzda davamlı sülhün bərqərar olması deməkdir. Fransanın Ermənistanı yenidən silahlandırmaq, bölgədə sülhün yaranmasına mane olma istəyinə qarşı bir cavabımız var: Azərbaycan bir daha heç bir zaman torpaqlarını heç bir dövlətə güzəştə getməyəcək. Bu gün Azərbaycan xalqının Azərbaycan dövlətinə, prezident İlham Əliyevə etimadı tamdır və bu elə bir gücdür ki, istənilən ədalətsiz və beynəlxalq hüquqa zidd əməllərə qarşı mükəmməl şəkildə dayana və cavab verə bilər. Bizim gücümüz birliyimizdədir!
Müşfiq Məmmədli
Milli Məclisin deputatı