Gülzar İbrahimovanın əsərlərində Ana dilimiz 

“Azərbaycan dili o qədər zəngindir ki,

heç bir xarici kəlməyə ehtiyacı yoxdur.

Biz əsrlər boyu dilimizi qorumuşuq, bu

gün də qorumalıyıq”.

Respublika Prezidenti İlham Əliyev

Müstəqil Dövlətimizin əsas rəmzlərindən biri olan Ana dilimizin qorunması Vətənini sevən, qayğısını çəkən, hər kəs üçün şərəfdir. Ölkəmizdə Ana dilimizə, onun qorunmasına həmişə böyük diqqət ayrılır.

2001-ci ildə Ümummilli lider Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” əhəmiyyətli sənədlər imzalayıb. O vaxtdan hər il avqust ayının 1-də Ölkəmizdə Azərbaycan Dili Günü kimi qeyd edilir.

Həmin günə az qaldığı vaxtda dilimizin qorunmasına yönəlmiş yeni əsərləri oxuculara təqdim edəcəyik.

Təəssüf ki, zaman-zaman dilimiz çətinliklərlə qarşılaşır, amma milli ruhlu,Vətənini sevən, dilini qoruyan insanlarımızın zəhməti və əziyyəti ilə çətinliklərdən qurtulur. İndi də belə vaxtlardan biridir ki, dilimizin qorunmasına çox ehtiyac var. Bizi sevməyən işğalçı qonşularımız daima torpaqlarımıza təcavüz etdikləri kimi, dilimizi də zəiflətməyə çalışırlar. Bİz güclüyük, əl-ələ verib, bu çətinliyə də qalib gələcəyik.

Heç xoş deyil ki, adam doğulduğu, boya-başa çatdığı, Vətəni olduğu, vətəndaşı olduğu ölkənin dilini – yəni öz ana dilini bilmir. Bu bir faciədir ki, körpələrimizin çoxu öz laylamızla yox, başqa ölkələrin dilində olan yad laylalarla yuxuya gedirlər. Təəssüf ki, hazırda belə hallar çoxdur. Bu həmin adamların milli dəyərlərdən çox-çox uzaq olmasına və savadsızlığına, əqidəsizliyinə nümunədir. İnsan əvvəl öz dili ilə fəxr etməlidir, sonra isə digər dilləri bilməsi haqda qürurla danışa bilər. Bəxtiyar Vahabzadə öz şerində belələrini “ədəbazlar” adlandırıb. Təəssüf ki, Bəxtiyar Vahabzadənin dövründə belə “ədəbazlar” yüzlərlə idilərsə, indi belələri yüz minlərlədir.

Amma bəzən elə də olur ki, valideyn azərbaycan dilində balasına layla axtarır, axtarır, yaxşısını tapa bilmir, əlacı kəsilir, yenə də uşağın zövqünü oxşayan laylaları yad kanallardan tapa bilir.

Başqa ölkələrdə laylalara Yotube baxış sayı 500 milyon olduğu halda, bizim laylalar heç 5 min baxış toplaya bilmir. Bu da onun göstəricisidir ki, balalarımız başqa dildə laylalarla böyüyürlər. Bəstəkarlarımızdan xahiş edək, balalarımıza gözəl laylalar yazsınlar, müğənnilərimizdən də xahiş edək, onları sevə-sevə ifa etsinlər.

Uşaq yaşlarından dil öyrənmək asandır. Dil körpə yaşlarından əsasən anadan öyrənilir. Bu zaman ana hansı dildə danışarsa, körpə də onu götürür və bu dil Ana dili adlanır. Hər valideynin borcudur ki, övladına Ana dilini öyrətsin. Sonra isə bu məsuliyyət valideynlərlə birgə bağça və məktəb müəllimlərinin də öhdəsinə düşür.

Ana dilinin sevilməsini, qorunması mövzusunda araşdırmalar apardığımız zaman ən çox klassiklərin əsərlərinə rast gəldik. Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin və Tofiq Bayramın “Ana dili” şeirləri var.

Müasir yazıçılar içərisində isə Ana dili haqda yazıları ilə seçilən yazıçı Gülzar İbrahimova ilə əlaqə qurduq. Gülzar xanım əsasən uşaq və yeniyetmələr üçün yazır. Yazıçılar Birliyinin Prezident təqaüdçüsüdür, H.Zərdabi mükafatçısıdır. Vətəndən, Ana dilindən çoxlu mahnıları, hekayələri, şeirləri var. “Sağ ol, Ey Vətən” şeri və mahnısı, “Dünya gözəldir” şeri və mahnısı, , “Ana dilim” – şeri və mahnısı, “Bayrağımı təbrik etdim” şeri, “Bizə Zəfər çaldıran” şeri, “Can dilim, Ana dilim”, mənsur-miniatür hekayəsi və digər əsərləri var.

Bildik ki, müəllifin artıq məktəblərdə bir xitə çevrilmiş “Ana dilim” mahnısı Youtube “Sehrli dünya”kanalında yayımlanır. Oynaq ritmi, gözəl musiqi avazı, milliliyi, ürəyə yatımlılığı ilə xoşa gəlir. Mahnının sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata aiddir. Mahnı sadə, aydın, və yaddaqalandır. Youtubda lingi belədir: https://www.youtube.com/watch?v=8Vi1npjVhpw&list=RD8Vi1npjVhpw&start_radio=1

Azərbaycan dilimdir

Mənim gözəl, mehriban,

Çox müdrik bir elim var,

Danışanda bal dadan,

Azərbaycan dilim var!

 

Sazlı, sözlü elimin,

Min illik tarixi var.

Bayatısı, qoşması,

Aşığı, dastanı var.

 

Bir körpə sevgi ilə,

Dil açsa, desə, "ana",

O gündən də həmin dil,

Hopmuş olar qanına.

 

Yad dil doğma dil kimi,

Mənim qəlbimə yatmaz.

Necə yaxşı bilsəm də,

Ruhuma sevgi qatmaz!

 

Mənim üçün yad bir dil,

Ana dil ola bilməz,

Çünki heç vaxt beynimdə,

Düşünmərəm yad dildə.

 

Dilim dilimə yatar,

Dilim bal-şəkər dadar.

Hər dilin gözəlliyi,

Elinə ayna olar.

 

Dilim Nizami dili,

Fizuli qəzəlidir,

Şəhriyar sadəliyi,

Dahilərin dilidir.

Dilim Üzeyir dili,

Niyazi əsəridir,

Dilim Dədə Qorqudun,

Müdiklik zirvəsidir.

 

Dilim Ana öyüdü,

Ata nəsihətimdir,

Dilim Ulu babamın,

Bizə vəsiyyətidir.

 

Dilim Ata-Anamın,

Məni sevdiyi dildir,

Mənim doğma dilimdir,

Azərbaycan dilimdir!

 

Gözəl dilim bir dastan,

Kİtabəsi Qobustan,

Var min illik tarixin

Yaşa, Ey Azərbaycan!

Məhz “Ana dilim” mahnısının izi ilə Gülzar xanımı tapdıq, yaradıcılığı ilə yaxından tanış olanda gördük ki, uşaqların sevimli yazıçısı və şairi ana dilimizin qorunması üçün neçə-neçə əsərlər yazıb-yaradıb.

Gülzar İbrahimovanın Ana dili mövzusunda yazdığı “Can dilim, ana dilim” başqa miniatür hekayəsi həm uşaqlar, həm də yeniyetmələrə aiddir. Həssas bir duyğu ilə yazıldığından təsiredici qüvvəsi böyükdür. Ona görə yazıçının dediyinə görə dilimizə aid keçirilən tədbirlərdə, yazıçı ilə keçirilən görüşlərdə uşaq və yeniyetmələr “Can dilim, Ana dilim” mənsur-miniatür hekayəsi ilə həvəslə çıxış edirlər:

Can dilim, ana dilim

Gəlin, hamımız ana dilimizdə danışaq ki, bir-birimizi yaxşı anlayaq.

Dilimizi sevək, əzizləyək, qoruyaq.

Ana dilim! Sən bütün dillərdən ucasan! Həmişə uca qal, olduğun kimi.

Ana dilimizi sevək. Ana dilini sevmədən onu yaxşı öyrənmək olmaz. Bu dildə gözəl danışmaq da olmaz. Necə ki, Vətəni sevmədən onu yağıdan qorumaq mümkün olmadığı kimi.

Ana dilim, doğma dilim! Sən dünyanın bütün dillərindən şirinsən! Çünki öz dilim, ana dilimsən.

Anam məni ilk dəfə ana dilimdə danışdırıb. Mən dilimə xəyanət edib başqa dili ana dilimdən çox sevə bilmərəm. Ayrı dil öyrənərəm, danışaram da, amma heç vaxt onu öz dilimdən üstün tutmaram.

Ana dilimizdə düşünək ki, qəlbimiz, ruhumuz sevinsin. Balalarımızı ana dilimizdə əzizləyək ki, balalarımız ata-analarını, nənə-babalarını yaxşı anlasın. Onlarla bir dildə danışsın. Ruhu milli, əqidəsi möhkəm olsun. Vətənini, elini, obasını sevsin.

Ana dilimizdə sevək. Ana dilimizdə sevək ki, sevgimiz yalandan uzaq olsun. Cavan ailələrimizin əhdi-peymanı möhkəm olsun ki, ocağı daima isti qalsın, soyumasın.

Balalarımıza ana dilimizdə layla deyək ki, beşikləri sakit-sakit yırğalansın, körpələrimizin yuxuları şirin olsun.

Balalara ana dilini mükəmməl öyrədək ki, nənələrin öyüdünü, babaların vəsiyyətini yaxşı anlaya bilsinlər.

Əjdadlarımızın bizə əmanəti olan ana dilimizi qoruyaq ki, bu dildə danışan, kindən, küdurətdən çox-çox uzaq olan elimizi, obamızı, canımız olan Azərbaycanımızı qoruyaq!”.

Gülzar İbrahimova yazılarında Vətəni, Bayrağı, Ana dilini elə yüksəklərə qaldırır ki, onu oxuyan hər uşağa təsir edə bilir. Şairə xanım digər “Dünya gözəldir” şerində Vətənini, Ana dilini bu sözlərlə ucaldıb zirvələrə qaldırır:

Dünya sən çox gözəlsən,

Günəşinlə, Ayınla,

Yaxşı adamlarınla,

Bu gözəl zamanınla!

 

Şirinlikdə bal dadan,

Körpələrin gözəldir,

Həyata sevinc qatan,

Uşaqların gözəldir!

 

Bir də gözəldir elim,

Bal dadan Ana dilim,

Dedikcə bitməz şeirim,

Dağa dönür ürəyim!

 

Dünya böyük Cahanla,

Bir də Azərbaycanla,

Baxın, necə gözəldir,

necə gözəldir!..

Bu şerə isə Gülzar İbrahimova internet proqramı ilə özü gözəl bir mahnı yazıb, özünün “Sehrli Dünya” Youtube səhifəsində də paylaşıb. “dünya gözəldir” mahnısı o qədər gözəl alınıb ki, bu yazıçı, şarə xanımın hərtərəfli istedadından xəbər verir. Maraqlanan bu lingdən mahnını eşidə bilər:

https://www.youtube.com/watch?v=N-Poqh4KNDM&list=RDN-Poqh4KNDM&start_radio=1

Gülzar İbrahimovanın Ana dili, Vətən mövzuları təsirli və maraqlıdır.

Biz də gözəl əsərləri ilə sevilən yazıçıya həmişə gözəlliklərdən, Vətənin xoş anlarından, uğurlarından yazmağı arzu edək.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.