"Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmamışdır".
Sabahinfo.az xəbər verir ki, bunu deputat, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.
"Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi məlumatları sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr artacaq.
Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli 2016-cı ildən etibarən ürək şikayətlərilə həkimlərə müraciət etmişdir. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilmişdir. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşmışdır. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (Kəskin Koronar Sendrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçdikdə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə getmişdir. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxmışdır.
Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, geniş miqyaslı infarktla ölümə səbəb olmuşdur. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, gəlirəm deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş vermişdir", - deyə o qeyd edib.