Hamımızın borcu

İkinci Qarabağ müharibəsi Vətən müharibəsi idi, xalqın müharibəsi idi. Bu müharibə son illərin ədalətli müharibəsi kimi Zəfərlə tamamlandı və Azərbaycan Ordusunun qüdrəti sübutu oldu.
İşğaldan əvvəl Qubadlıda 13160 hektar meşə sahəsi olub. Ermənilər meşə sahələrini də, Hacılı kəndində mişar daşı yatağını da, Bərgüşad çayının sol sahilində yəşəm yatağını da, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqlarını da illərlə istismar etdi.
Qubadlı 1993-cü il avqustun 31-də işğal edilmişdi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar torpaqları 27 il ermənilər əkib-becərdi. Bu işğal 28 il qubadlıların ruhunu narahat etdi. İkinci Qarabağ müharibəsində Qubadlı uğrunda ağır döyüşlər getdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə oktyabırın 25-də Qubadlı şəhəri işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda dedi: “…Şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi. Onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi…”. Azərbaycan Ordusu asan olmayan bu məsələni qüdrətiylə həll etdi.
Qubadlının işğaldan azad edilməsi erməniliyin mahiyyətini bir daha açdı. Məlum oldu ki, işğal edilmiş ərazilərdə erməni vandalizmi sözlə ifadə edilməsi mümkün olmayan dağıntılar, vəhşiliklər törədib. Qubadlıda müəyyən niyyətlə xaricdən gətirilmiş ermənilər üçün Xanlıqda qəsəbə salınıb. Bu, müəyyən mənada, ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılma prosesinin davamı idi. Azərbaycan Ordusu bu prosesi də işğal kimi darmadağın etdi. Qubadlıda törədilmiş dağıntılar da, Xanlıqda salınmış qəsəbə də müharibə cinayətləridir. Bu cinayətlərə nə Ermənistanın özü, nə də onu İkinci Qarabağ müharibəsindən sonra dəstəkləyən dövlətlər də heç nə ilə bəraət qazandıra bilməz. Ermənistan bu cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev dedi:“Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yarana¬caqdır...”.
İndi Qubadlıda da quruculuq işləri gedir. Azərbaycan Ordusunun qalibiyyət Zəfərini Azərbaycan vətəndaşları tikib-qurmaq zəfəri ilə tamamlayacaq. Bu, hamımızın borcumuzdur. Dövlətə, dövləçiliyə sədaqət kimi.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı