Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir
Sabahinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.
Sinoptikin sözlərinə görə, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.
“Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.
G.Məmmədova onu da bildirib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur.
“Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur”.