Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir.
Cari ilin 23 iyun tarixində Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.
Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir.
Bu gün Azərbaycanın hər bir ordu birliyində komando qüvələri mövcuddur. Komando briqadalarının vəzifələri motoatıcı briqadaların vəzifələrindən fərqlənir. Vətən Müharibəsinin təcrübəsinə əsasən, Azərbaycan rəhbərliyi belə bir qərara gəlib ki, ağır silahlara malik motoatıcı hərbi hissələrin dağlıq və yüksək dağlıq ərazilərdə ağır texnikalarla, hücum və ya əks-hücum əməliyyatlarını icra etməsi müəyyən çətinliklər yaradır. Bu səbəbdən, qeyd edilən ərazilərdə vəzifələrini daha çevik, həm də qısa müddətdə icra edən komando birliklərinin təcrübəsindən istifadə olunması ilə bağlı qərar qəbul edilib.
Azərbaycan Ordusunun tabeliyində olan komando hərbi hissələri həm Şərqi Zəngəzurda, həm Ermənistanla, həm digər qonşu dövlətlərlə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində yerləşdirilib. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
Könül Həsənova - ADPU filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru