Həqiqəti olduğu kimi görmək onların da marağındadır...

Hazırda dünyanın yeni geosiyasi xəritəsi cızılır. Bu isə o deməkdir ki, qlobal güclərin təsir dairəsi yenidən bölüşdürülür və bu mürəkkəb  proses hazırda həlledici mərhələsini yaşayır. Reallıq həm də ondan ibarətdir ki, ölkəmizin yerləşdiyi coğrafiya da geosiyasi rəqabətdə iştirak edən əsas tərəflərin diqqət mərkəzindədir. Belə bir vəziyyətdə, Azərbaycan hakimiyyətinin ən böyük uğurlarından biri də Vətən müharibəsinin lokal çərçivədən kənara çıxmasına imkan verməməsi ilə bağlı oldu. Yəni, Cənubi Qafqaza təsir uğrunda aparılan mübarizədə Azərbaycan ərazisindən qlobal hərbi qarşıdurma platsdarmı qismində istifadə olunmasına imkan tanınmadı.

İqtidarın növbəti əhəmiyyətli nailiyyəti isə ondan ibarətdir ki, Azərbaycan qlobal qarşıdurmanın hazırkı gərgin və həlledici mərhələsinə müstəqil mövqeyə sahib olan və siyasi çəkisinə hörmətlə yanaşılan ölkə kimi daxil olub. Bu nəticələrə nail olmaq üçün Azərbaycan Prezidenti iki strateji məsələni həll etdi. Bunlardan birincisi 44 günlük Vətən müharibəsində öz hərbi gücümüz hesabına BMT-nin 27 il ərzində kağız üzərində qalmış məlum dörd qətnaməsinin icrasının savaş meydanında təmin olunması, Qarabağın işğaldan azad edilməsi ilə bağlıdır. İkinci məsələ isə ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yerlərdən birinə yüksəlməsinin təmin edilməsidir. Baxmayaraq ki, buna  mane olmağa çalışan və bu səbəbdən ölkəmizə təzyiq göstərən ciddi siyasi dairələr mövcud idi və onlar hələ də mövcuddur. Prezident İlham Əliyev məhz bu dairələrin müqavimətini qırmağa və onların təzyiqlərini dəf etməyə müvəffəq oldu.

ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı mayın 3-də Şuşada keçirilən beynəlxalq konfransın “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusuna həsr edilməsi bu mənada xüsusilə əhəmiyyətlidir. Konfransın məhz Şuşada keçirilməsi müzakirəyə çıxarılan mövzu ilə tam şəkildə səsləşir. Çünki Qarabağın və Şərqi Zəngəzurun, xüsusilə Qarabağın incisi-Şuşanın işğaldan azad edilməsi qlobal güclərin maraq dairəsində olan bir bölgədə 28 ildən sonra tarixi ədaləti bərpa etdiyi qədər, Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında yeni reallığın yarandığının da göstəricisidir. Konfransda iştirak edən Prezident İlham Əliyev çıxışının əvvəlində məhz bu məqama xüsusi diqqət yetirdi: “Görüşün Şuşada keçirilməsinin əlbəttə ki, hamımız üçün xüsusi mənası var. Yeri gəlmişkən, keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi... Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi”.

ADA Universitetinin təşkil etdiyi sayca dördüncü olan bu beynəlxalq konfransın işində dünya miqyasında tanınmış 60-dan çox elm adamı və politoloq iştirak edirdi. Nüfuzlu qonaqların Azərbaycan Prezidentinə ünvanladığı suallar dünyanın gündəliyində dayanan aktual məsələlərin əksəriyyətini əhatə etdi. Bununla belə, onları daha çox maraqlandıran mövzu Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi  və sülh müqaviləsinin imzalanma perspektivi ilə bağlı idi. Göstərilən maraq  həm də ondan irəli gəlirdi ki, Şuşada beynəlxalq konfransın keçirildiyi vaxt ABŞ-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında eyni mövzuya həsr olunan görüş təşkil edilmişdi. Prezident İlham Əliyev konfransın verdiyi imkanlardan istifadə edərək, həm qonaqların, həm də beynəlxalq auditoriyanın diqqətinə növbəti dəfə çatdırdı ki, Azərbaycan müharibədə Qələbə əldə etdiyi halda, məğlubiyyətə uğratdığı  Ermənistana sülh müqaviləsini özü təklif edib. Ölkəmizin irəli sürdüyü sülh sazişi beynəlxalq hüququn əsas norma və prinsiplərinə söykəndiyi üçün,  Ermənistanın bundan yayınmaq cəhdləri cəmiyyətimizdə haqlı olaraq anlaşılmır və əslində, bu cür davranış Ermənistanın əsl mövqeyinin üzə çıxmasına imkan verir, onun hədəfinin nədən ibarət olduğunu açıq şəkildə göstərir. Dövlətimizin başçısı onu da bildirdi ki, Ermənistan işğal dövründə olduğu kimi, indi də imitasiya ilə məşğuldur. Rəsmi İrəvan dildə sülhə, hətta Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, əməldə siyasi ənənəsinə sadiq qalaraq, sülh prosesini yubatmağa və vaxt qazanmağa çalışır. Prezident İlham Əliyevin növbəti fikirləri Ermənistan hökumətinin əsl hədəfinin sülh ilə bağlı olmadığına kifayət qədər aydınlıq gətirdi: “Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar... Biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik”.

 

Dövlətimizin başçısı  konfrans iştirakçılarının diqqətinə birmənalı şəkildə çatdırdı ki, Ermənistanın sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq cəhdi qeyri-məhsuldardır. Bu, həm də ondan xəbər verir ki, rəsmi İrəvan  ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı bəyanatlarında əsla səmimi deyil. Prezident İlham Əliyev onu da vurğuladı ki, Ermənistanın ənənəvi olaraq tutduğu qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan diplomatik təsir tədbirlərindən başqa hansısa digər vasitələrə əl atmağı planlaşdırmır. Prezident ölkəmizin mövqeyini bu cür ifadə etdi: “Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada  özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, -söhbət təkcə regondan deyil, qlobal vəziyyətdən gedir,- dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır”.

Ermənistanın baş naziri N.Paşinyan tərəfindən  mayın 4-də Praqada səsləndirilən və əslində, ABŞ-də aparılan sülh danışıqlarına növbəti dəfə ciddi zərbə vuran bəyanatları bir daha sübut edir ki, Ermənistan hökumətinin əsas hədəfi sülh müqaviləsinin imzalanmasına mane olmaq və ən yumşaq halda, onu yubatmaqdır. Əgər belə olmasaydı, Paşinyan ölkəmizin suveren ərazisində sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz etməz və bununla da suveren hüquqlarımızı şübhə altına almağa cəhd göstərməzdi. Ermənistan hökumət başçısının bir-birini təkzib edən bəyanatları ona dəlalət edir ki, Ermənistan rəhbərliyi 28 il ərzində işğalla bağlı status-kvo vəziyyətinin ömrünü necə uzatmağa çalışırdısa, indi də sülh müqaviləsi olmadan yaşamaq kimi təhlükəli bir yolu seçir. Rəsmi İrəvanın dinc birgəyaşayışı inkar edən haqsız mövqeyinə və N.Paşinyanın Praqada səsləndirdiyi cəfəng iddialarına baxmayaraq, Prezident İlham Əliyev Şuşada bir daha bəyan etdi ki, Azərbaycanın seçimi bütün qonşuları, eləcə də dünya ölkələri ilə sülh və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamaqdır. ABŞ-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüşün təşkil edildiyi bir vaxtda, N.Paşinyanın Praqada bu danışıqların axarına zərbə vuran bəyanat səsləndirməsinə baxmayaraq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-dən başlayaraq işğaldan azad olunmuş rayonlarımıza səfər etdilər. Azərbaycan Prezidentinin və birinci xanımın Ağdam, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonlarında təməlini atdıqları kənd və yaşayış massivləri, məktəb və xəstəxanalar, çoxsaylı infrastruktur obyektləri dünya birliyinə növbəti dəfə göstərdi ki, Azərbaycanın seçimi Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməklə bağlıdır. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı təmin etmək əzmində olan Azərbaycan Prezidenti beynəlxalq birliyə onu da nümayiş etdirdi ki, yalnız xalqının və bütövlükdə regionun əmin-amanlıq şəraitində yaşaması seçimini edən və bu məqsədlə dövlət büdcəsindən milyardlarla vəsait ayıran Azərbaycan, sözün bütün mənalarında, sülhün tərəfdarıdır və buna hazırdır.

Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan hakimiyyətinin mövqeyi birmənalıdır. Bununla yanaşı, son 30 ildə böyük güclərin hər birimizi ciddi şəkildə məyus edən ikili standartlar siyasətinə baxmayaraq, cəmiyyətimiz hələ də İnanmaq istəyir ki, geosiyasi və geoiqtisadi rəqabət aparan həmin dairələr Azərbaycan və Ermənistanın seçimi arasındakı ciddi fərqi görə biləcək, nəhayət, ədalətsiz eyniləşdirməyə yox deyəcəklər. Çünki həqiqəti olduğu kimi görmək və onu etiraf etmək onların da marağı ilə tam üst-üstə düşür.

Ülvi Quliyev                                                                                        

Milli Məclisin deputatı