"Hər ailədə ən azından bir maşın var" - Deputat Bakıdakı tıxaclardan danışdı

"Təəssüf ki, şəhərdə yollarda sıxlıq günü-gündən artır. Bunun kökündə urbanizasiya prosesinin sürətlənməsi dayansa da digər əsas səbəb əhalinin avtomobillərinin çoxalması ilə bağlıdır. Bu gün demək olar ki, hər ailədə ən azından bir maşın var".

Sabahinfoa.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, elektrik və hibrid avtomobillərə ilin sonuna qədər güzəştlərin tətbiq olunması Çindən böyük miqdarda avtomobillərin idxalına yol açdı:

"Amma şəhərimizin küçələri bu qədər avtomobil yükünə hesablanmayıb. Ona görə şəhərin yol infrastrukturunun yenidən qurulması istiqamətində müəyyən addımlar atılmalıdır. Necə qurulmalıdır sualı yarana bilər. Təbii ki, bunun üçün ölkəmizə yaxşı təcrübəli mühəndislər dəvət olunmalıdır. Məsələn, 25 milyon əhalisi olan Şanxay şəhərində yol infrastrukturu elə qurulub ki, tıxac yoxdur və ya azdır. Tıxacların azalması üçün universitetlərin şəhərdən rayonlara köçürülməsi ilə bağlı fikirlər səslənir. Mən də hesab edirəm ki, bu lazımdır. Amma bu problemin həlli yolu deyil. Bunun üçün sökülən köhnə binaların yerində yeni binalar tikiləndən əvvəl olduğu yerdən geri çəkməli və yolun genişləndirilməsinə imkan yaradılmalıdır. Yollar genişlənməli, yol ayrıclarına yenidən baxılmalı, kəsişmələr və avtomobil axınının qovuşduğu nöqtələr isə azaldılmalıdır.  Təbii ki, hər şey mümkündür. Şəhərsalma və memarlıqdan danışırıqsa, mütləq bu məsələlər prioritet seçilməlidir".

Deputat qeyd edib ki, Bakının Baş planı təsdiq olunub və bu plana uyğun şəkildə paytaxtımızın yenidən qurulması prosesi davam etdirilir: "Təbii ki, istismar müddəti keçmiş köhnə binaların sökülməsi və onların yeniləri ilə əvəz olunması prosesi gedir. Amma yeni binaların tikilməsində şəhərsalma standartları əsas tutulmalı və daha diqqətli olmalıyıq. Gələcəyin paytaxtı bu günün paytaxtından fərqlənməlidir. Şəhərdə yaşıllıqlar çoxalır. Bununla yanaşı  həm də yolların genişləndirilməsi, yağış sularının kənarlaşdırılması üçün drenaj sistemlərinin inşası vacibdir.  Bu gün inkişaf etmiş ölkələrin əksər şəhərlərində yağış sularının kənarlaşdırlması üçün drenaj sitemləri qurulur. Hətta iqlimi daha yağışlı ölkələrin şəhərlərinin yollarında yağış sularının yığılması və sel basma hallarını görmürük. Bu da şəhər quruluşunun düzgün idarəedilməsi sayəsində mümkündür. Biz də paytaxtımızda və digər şəhərlərdə bu məsələyə önəm verməliyik".