Hərbi qüdrətimizin artırılması və Böyük Qayıdış proqramının icrası iki əsas prioritetdir

Hazırda beynəlxalq aləmdə hökm sürən gərginlik İkinci Dünya müharibəsindən sonra ən kritik həddə çatmışdır. Siyasi, hərbi, iqtisadi və digər sahələrdə yaranmış çətinliklər ayrı-ayrı ölkələrin həyatında öz mənfi təsirlərini buraxmaqdadır. Vəziyyətdən çıxış və həll yolları isə hələlik mümkün görünmür.

Şübhəsiz, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan da bu böhranlı vəziyyətin və dünyada böyük hərbi qarşıdurmaların baş verdiyi bir dövrdə müxtəlif çağırışlarla üzləşir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur. Bunu Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə məzmunlu çıxışı zamanı verdiyi mühüm bəyanatlar və istinad etdiyi statistik rəqəmlərdən aydın görmək olar.

2023-cü ilin ötən altı ayının yekunlarına əsasən, ölkəmizin uğurları ilk növbədə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, davamlı sosial və iqtisadi islahatların aparılması və nəticələrində əks olunur. Ümumilikdə, qeyri-neft sektoru 3 faizdən çox artmış, qeyri-neft sənayesində artım isə 6,5 faiz olub. Bu il rekord, yəni 33 milyard manat səviyyəsində olan dövlət büdcəsinə ilin ilk yarısında daha 3 milyard manat əlavə daxil olması nəticəsində dövlət büdcəsi 36 milyard manata yüksəldi. 3 milyard əlavə vəsait ölkədə aparılan islahatlar nəticəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın yüksəldilməsi, vergi və gömrük yığımlarının artması hesabına əmələ gəlmişdir.

Dövlət büdcəsinə daxil edilmiş əlavə 3 milyard manat iki əsas prioritet istiqamətə yönəldilməsi qərara alınmışdır. 1.8 milyard manat Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə xərclənəcək. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə bu ilin sonuna qədər 12 milyard manat xərclənməsi nəzərdə tutulmuşdur. Büdcəyə daxil olan əlavə vəsaitin 1.1 milyard manatı isə hərbi potensialımızın gücləndirilməsinə sərf olunacaq. Hərbi qüdrətimizin artırılması bu günün reallıqlarından və gələcək təhlükəsizliyimizin təmin edilməsi zərurətindən irəli gəlir. Bu gün biz Vətən müharibəsində böyük qələbə qazanmışıq. Amma Ermənistan və havadarları bunu həzm edə bilmirlər.

Beynəlxalq hüququn işləmədiyi, gücün hakim rol oynadığı bugünkü dünyada hərbi qüdrətin daimi inkişaf etdirilməsi zərurətdir. Eləcə də, hərbi qüdrətimizin gücləndirilməsi və ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanması Ermənistan üçün sülhə məcburedici rol oynamalıdır. Ermənistan bilməlidir ki, sülh müqaviləsini imzalamasa, onun aqibəti Vətən müharibəsində olduğundan daha ağır olacaq.

Son günlər, “Arbat” adlı erməni batalyonun Ermənistan bayrağı altında erməni kilsəsinin və keşişinin xeyir-duası ilə Ukraynaya qarşı döyüşəcəyi barədə xəbərlər mediada geniş yayılmışdır. Ukrayna ərazisində real döyüş təcrübəsi toplayan bu dəstənin gələcəkdə Azərbaycana qarşı təxribatlara və terror aktlarına cəlb edilməyəcəyinə heç kəs təminat verə bilməz. Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın rəvan baş verməsi, vətəndaşlarımızın orada təhlükəsiz və əmin-amanlıq şəraitində yaşaması üçün də ordumuzun hərbi qüdrəti yüksək səviyyədə olmalıdır.

Beləliklə, dövlət büdcəsində xüsusi önəm verilən həmin iki prioritet istiqamət bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi Azərbaycanın daha qüdrətli dövlət kimi inkişaf etməsi üçün mühüm zəmin yaradır. 2023-cü ilin ilk altı ayının nəticələri hər iki prioritet istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin uğurla və səmərəli şəkildə həyata keçirildiyinə sübutdur.

 

Adil Əliyev

Milli Məclisin sədr müavini