Həssas siyasi və tarixi tədbir  

Azərbaycanı dünya dövlətləri bəşəri, tolerant dövlət kimi tanıyır. Bu tanıma dövlətlərarası münasibətlər sistemində olduqca gərəklidir. Bu baxımdan istənilən beynəlxalq tədbir qarşılıqlı münasibətlərin daha da genişlənməsində əhəmiyyətli olur.

Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü də belə tədbirlərdən oldu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu görüşü ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin təsdiqi, inkişaf etməkdə olan əməkdaşlıq kimi təqdir etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu, qarşılıqlı ehtiramın nəticəsidir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatların çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA mütləq qeyd olunmalıdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir”.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini, bu xüsusda, ötən ay Qazaxıstanda müvafiq tədbir keçirildiyini, həmin tədbirdə Azərbaycanın da iştirak etdiyini, “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyətinin böyük olduğunu da xatırlatdı.

Ölkə başçımız bu tədbirdə onu da bildirdi ki, Azərbaycan birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləyəcəkdir.

Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü son dövrün ən həssas siyasi və tarixi hadisələrindən biri kimi tarixləşdi.

Səbinə XASAYEVA,

VI çağırış Milli Məclisin deputatı