"Heydər Əliyev İli" çərçivəsində keçirilən "Fövqəladə Hallara Hazırlıq Düşərgəsi"nin ikinci günündə gənclər günə səhər idmanı ilə başlayıblar. Səhər yeməyindən sonra psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev tərəfindən "Psixoloji hazır olmaq" seminarı, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, mayor Vüqar Məmmədovun təqdimatında “Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri və hüquqları” mövzusunda məşğələ təşkil olunub. Daha sonra fərdi mühafizə vasitələri ilə, müasir tipli fərdi mühafizə vasitələri, kimya və radiasiya ölçmə-axtarış cihazları ilə tanışlıq olub, FMV geyinilməsi üzrə yarışlar keçirilib. Yarışlar tənəffüs üzvlərinin mühafizəsi vasitələrinin geyinilməsi üzrə normativlərin qəbulu və dəri səthinin mühafizəsi vasitələrinin geyinilməsi üzrə normativlərin qəbulu üzrə aparılıb.
Daha sonra alpinist avadanlıqlarının iş prinsipləri və istifadə qaydaları nümayiş etdirilib.
Çay fasiləsindən sonra iştirakçılara xilasetmə işlərinin aparılmasında istifadə olunan alət və avadanlıqlar və onların iş prinsipləri nümayiş etdirilib.
Axşam saatlarında AIESEC Azərbaycanın prezidenti Rəsul Göyüşov və vitse prezident Solmaz Əkbərova tərəfindən BMT-nin 17 Qlobal Dayanıqlı İnkişaf Məqsədləri barəsində infosessiya təşkil olunub. Sonra isə tonqal ətrafında gənclərin özfəaliyyət saatı təşkil olunub.