Bu günlərdə respublikamızın hər yerində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunur. Bu münasibətlə keçirilən hər bir tədbir göstərir ki, xalqımız müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu olan Heydər Əliyevin əziz xatirəsini hər zaman uca tutacaq, böyük minnətdarlıqla yad edəcək.
Ümummilli Liderin anadan olmasının ildönümünü həm də ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğu bir vaxtda qarşılayırıq. Və bu tarixi reallıq Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun təntənəsi və Ulu Öndərin ən layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyinin və qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
Xalqımızın dahi oğlu Heydər Əliyev elə bir dühadır ki, barəsində hər zaman böyük ehtiramla söz açılacaq, xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz tarixi fəaliyyəti bütün zamanlarda dərin minnətdarlıqla xatırlanacaq. Azərbaycanın son 55 illik tarixini fikir və təhlil süzgəcindən keçirdikdə görürük ki, bu dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərin, dövlətçiliyimizin və müstəqilliyimizin xilasının təməllərində Heydər Əliyevin xidmətləri və ölməz ideyaları dayanır. Hələ keçmiş sovetlər dövründə Azərbaycana birinci rəhbərliyi illərində Heydər Əliyev ölkəmizin ittifaq miqyasında qazandığı uğurlar, müttəfiq respublikalar arasında qabaqcıllar sırasına çıxması müasir tariximizə intibah dövrü kimi həkk olunub. Azərbaycanın yüksəlişi ilə yanaşı, sovet ideologiyasının hakim olduğu həmin illərdə milli-mənəvi dəyərlərimizin yaşadılması, itməməsi üçün həyata keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Ulu Öndərin qətiyyətindən xəbər verir.
Üzləşdiyimiz bütün uğursuzluqlar Heydər Əliyevin siyasi rəhbərlikdə təmsil olunmadığı illərə təsadüf edir. Amma Heydər Əliyev onda da öz xalqının yanında olub. Heydər Əliyev öz böyük siyasi dühası ilə milli müstəqillik uğrunda mübarizənin öndəri idi. Böyük qürur hissi ilə qeyd etməliyik ki, məhz Heydər Əliyev müasir tariximizdə ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı rəsmi şəkildə ucaltdı. Heydər Əliyevin qətiyyəti ilə hələ sovet dövründə Naxçıvanda bütün sovet dəyərlərindən və adlarından imtina edildi. Məhz Heydər Əliyevin Naxçıvandan başlatdığı mücadilə xalqımızın müstəqillik uğrunda mübarizəsində həlledici amilə çevrildi və milli mücadiləmizin uğurlarını təmin etdi.
Ulu Öndər Heydər Əliyevin sayəsində ilk dəfə Naxçıvanda 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdi. Heydər Əliyevin müdrikliyi ilə keçmiş sovet qoşunları Naxçıvanı tərk etmiş, silah və texnikası isə yeni yaradılan Azərbaycan Ordusunun və sərhəd xidmətinin sərəncamına verilmişdi. Naxçıvana gəlişi ilə Heydər Əliyev həm də bu qədim diyarı qorumuş, Ermənistan tərəfindən işğal edilməsinə imkan verməmişdi. Bu mənada blokada vəziyyətinə düşən Naxçıvan Muxtar Respublikasının ötən əsrin 90-cı illərində bütün tarixi sınaqlardan uğurla çıxmasının əsas səbəbi bu diyara məhz Heydər Əliyev kimi təcrübəli siyasətçinin və görkəmli dövlət xadiminin rəhbərlik etməsi idi.
Elə buna görə də Azərbaycanın siyasi-hərbi problemlərlə üz-üzə qaldığı müstəqilliyimizin ilk illərində ölkə ictimaiyyəti vəziyyətdən çıxmaq, Azərbaycanı xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalq Heydər Əliyevə inanır, ona güvənirdi. 1992-ci ilin noyabr ayında Naxçıvanda Ulu Öndərin liderliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması da Heydər Əliyevə olan inamdan irəli gəlirdi.
Ölkədə hərbi-siyasi vəziyyətin ən gərgin həddə çatdığı 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi, əvvəl Ali Sovetin Sədri, həmin ilin oktyabr ayında isə Prezident seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Respublikamızda başlanan Heydər Əliyev siyasətinin nəticəsi kimi bütün gərginliklər, təhlükələr dəf edildi, dövlətçiliyimizin təməlləri yaradıldı, inkişafın konturları müəyyən edildi, hüquqi dövlət quruculuğu həyata keçirildi. Tənəzzüldən çıxan Azərbaycan "Əsrin müqaviləsi" kimi tarixi sazişlə qlobal səviyyədə layiqli yerini tutdu.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, ideyaları, əsasını qoyduğu inkişaf xətti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hələ 2003-cü ildə prezident seçilərkən andiçmə mərasimi zamanı cənab İlham Əliyev demişdi: "Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ötən 20 ildən bir qədər artıq dövrün reallıqları göstərir ki, Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş müasir dövlətə çevirib. Bu 20 ildə möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən möhtəşəm uğurları yaşanıb. İqtisadiyyatımız 3 dəfədən çox artıb, Ulu Öndərin enerji siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib, Azərbaycan kosmik kluba daxil olub. Bütün bunları təmin edən Prezident İlham Əliyev həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib.
Bu 20 ilin ən möhtəşəm hadisəsi isə torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda 200 illik erməni separatizminə son qoyulması və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Qətiyyətli və müdrik siyasəti ilə bu uğurları xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirdi. Bütün bu hadisələrin məntiqi davamı kimi Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi və Qazaxın 4 qeyri-anklav kəndinin işğaldan azad olunması bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən Liderdir.
Mayın 10-da həm də fəaliyyəti ilə hər bir azərbaycanlının rəğbətini qazanmış Heydər Əliyev Fondunun yaranmasının 20-ci ili tamam olur. Yarandığı gündən Ulu Öndərin adını daşıyan fond 20 ildə qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirib, Azərbaycanın yüksəlişinə, ölkəmizin dünyada tanınmasına xidmət edib. Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanın yanında olub, müraciət edən hər kəsə əl tutub. Fond tərəfindən sosial və mədəni sferalarda həyata keçirilən layihələr, məktəblərin, uşaq bağçalarının, uşaq evlərinin tikintisi və təmiri, tibb mərkəzlərinin yaradılması və son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri Heydər Əliyev ideyalarına sədaqətin nümunəsi olmaqla, cəmiyyətimiz tərəfindən böyük razılıqla qarşılanır.
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı dövrünü yaşayır. Bunu bizə nəsib edən Ulu Öndər Heydər Əliyevin yolu, Prezident İlham Əliyev siyasətidir. Bu yol, bu siyasət Azərbaycanın daha da yüksəlişinin və yeni nailiyyətlərimizin yeganə təminatıdır.
Cəbi QULİYEV,
Milli Məclisin deputatı