Heydər Əliyev yolu

Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasından bu gün 53 il ötür. 14 iyul 1969-cu ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti respublikamızın iqtisadi və sosial yüksəlişinə, xalqımızın elmi potensialının inkişafına yol açdı. Həmin gündən bu gün barəsində qürur hissi ilə bəhs etdiyimiz Heydər Əliyev epoxası başladı.

1969-cu ildən sonra Azərbaycanda baş verən dəyişikliklər təsdiq edir ki, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi  seçilməsi ilə çağdaş tariximizdə keyfiyyətcə  yeni mərhələnin başlanğıcı oldu. Sovet rejiminin sərt tələb və qaydalarına baxmayaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın inkişafı naminə digər respublikaların rəhbərlərinin cəsarət etmədiyi addımların atılması bütün sahələrdə intibaha yol açdı. Məsələn, həmin dövrdə Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklərin baş verməsini, respublikamızın Rusiyadan sonra ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrilməsini başqa cür dəyərləndirmək mümkün deyildir. Ən mühümü də odur ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin sayəsində Azərbaycanda yaranan güclü iqtisadi potensial  müstəqillik dövründə də ölkəmizə xidmət etdi.

Xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı görülən işlər Heydər Əliyevin hələ sovet dövründə dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin möhtəşəm nümunələrindən biridir. O illərdə Heydər Əliyevin sayəsində xalqımızın mənəvi dəyərlərinin qorunmasına xidmət edən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi. Bu baxımdan Ulu Öndərin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərliyini ölkəmizə milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə etmək olar. Sözün bütün mənalarında həmin illərdə Azərbaycan xalqı özünə inamını bərpa etdi, manqurtlaşmaqdan, yad mədəniyyətlərin təsirindən tam xilas oldu. Xalqın milli-mənəvi və mədəni dəyərləri özümüzə qaytarıldı. Və əlbəttə ki, bütün bunların hamısı Heydər Əliyevin sayəsində mümkün oldu. O zamanlar milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları ən çətin məqamlarda müdafiə etməyi qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev şəxsiyyəti üzərinə götürə bilərdi.

Heydər Əliyev Azərbaycanın elm və təhsil potensialını da hərəkətə gətirmişdi. Ötən əsrin 70-80-ci illərində alimlərimizin elmi araşdırmalarının genişlənməsi, ittifaq miqyasında daha çox fərqlənmələri, yeni ali orta ixtisas təhsil müəssisələrinin yaradılması, idarəetmədə azərbaycanlı kadrların sayının artması məhz Ulu Öndərin xalqımızın yüksəlişi naminə həyata keçirdiyi mütərəqqi siyasətin təcəssümü idi.

Hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər  Əliyevin adı ilə bağlıdır. Məhz ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin böyük qayğısı sayəsində Sumqayıtın tarixinin əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqətini və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Azərbaycana rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb.

Bütövlükdə Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olunması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi.

Tarix sübut edir ki, qüdrətli şəxsiyyətlər hər zaman xalqın güvənc yeri olaraq, onlara həvalə olunan tarixi missiyaları qətiyyətlə yerinə yetirirlər. Bu baxımdan 1993-cü ildə, müstəqilliyimizin başının üstünü təhlükələr aldığı bir vaxtda insanların Heydər Əliyevə üz tutmaları təsadüfi deyildi. Çünki Heydər Əliyevin Azərbaycana sovet dövründəki uğurlu rəhbərliyini görən xalqımız bilirdi ki, yalnız bu qüdrətli şəxsiyyət dövlətimizi təhlükədən  xilas edə bilər. Həmin ağır və çətin vaxtda xalqın harayına səs verib hakimiyyət sükanının arxasına keçən Heydər Əliyev növbəti dəfə öz tarixi missiyasını həyata keçirdi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi xilas olundu. Ulu Öndər xalqımızın bir daha əsarət altına düşməsinə imkan vermədi. Xilaskarlıq, daha sonra isə dövlət quruculuğu missiyasını böyük uzaqgörənlik və siyasi müdrikliklə yerinə yetirən Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisinə çevrildi.

Beləliklə, ən kəskin  ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Ona görə də Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Bu gün Heydər Əliyev öz ideyaları, xalqımızın və dövlətimizin inkişafına xidmət edən siyasi kursunun davam etdirilməsi ilə milyonların qəlbində yaşayır. Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq ötən 19 ildə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib, respublikamız beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib, ölkədə tarazlı və davamlı inkişaf təmin olunub.

Bütün bunlar həm də göstərir ki, Heydər Əliyev ideyalarının həyata keçirilməsi layiqincə davam etdirilir. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Qələbə isə Heydər Əliyev siyasətinin təntənəsi oldu. Bu Zəfər təsdiq etdi ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndər Heydər Əliyevin arzuladığı bir dövlətə çevirib. Bu qələbə və bütövlükdə dövlətimizin yüksəlişi həm də göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ən möhtəşəm nailiyyətlərə imza atacaq.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı