Hicran Hüseynova Lənkəranda baş verən hadisədən danışdı

Bütün hallarda hər hansı uşağa fiziki, mənəvi-psixoloji zorakılıq və ya təzyiq göstərmək ciddi hüquq pozuntusudur.  Bu vəzifəli şəxsdirsə, onun məsuliyyəti daha artıqdır. Bir neçə gündür ki, müxtəlif xəbər saytlarında Lənkəranda məktəbli qızın Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən  müvafiq ekspertiza təyin edilib  və araşdırmalar aparılır. Faktın təsdiqi əsasında bu zorakılığı törədən şəxslər öz cəzalarını alacaqlar.
    Qeyd etmək lazımdır ki, bütün Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qurum isə icra hakimiyyətinin başçısının müavinləri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirləri rəhbərlik edir. Onlar məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Lakin bəzi hallarda biz bunun tam əksini müşahidə edirik.  Həmçinin,  sözü gedən hadisə ilə bağlı müsahibə verən  Lənkəran Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva bütün etiket qaydalarını və uşaq hüquqlarının müdafiəsinə dair müddəalrı kobud şəkildə pozmuşdur.  O, məktəbli qızın həyat tərzi, onun ailəsi haqqında məlumatları ictimailəşdirməklə, uşağa qarşı mənəvi-psixoloji zorakı davranış nümayiş etdirmişdir.Həmin məktəblinin həkim müyinəsi ilə yanaşı, psixoloji dəstəyə ehtiyacı var. Yaxşı olardı ki, uşaq psixoloqu tərəfindən müayinə edilərək uşağın hazırki psxoloji durumu qiymətləndirilsin.
Bir daha hadisəni qətiyyətlə pisləyir və bu zorakılığı törətmiş şəxslərin məsuliyyətə çəlb olunacağına ümid edirəm.
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri